media-inshot_20260108_120715772

İmmun sistemi bədənimizin xəstəliklərə qarşı mübarizə aparan müdafiə mexanizmidir. Son zamanlarda xəstəliklərin yayıldığı bir dövrdə də immuniteti qorumaq xeyli vacibdir.

İmmunitet dərmanla yox, vərdişlərlə möhkəmlənir. Nənələrimizin “özünə bax” tövsiyəsi boşuna deyil. Təbii üsullarla immuniteti artırmaq üçün bahalı preparatlara yox, gündəlik həyat tərzinə diqqət yetirmək kifayətdir.

Bəs immuniteti təbii üsullarla necə möhkəmləndirə bilərik? 

Patrul.az mövzu ilə bağlı araşdırma edib.

Əvvəla, yuxu immun sisteminin onurğa sütunudur. Gecə 7–8 saat keyfiyyətli yuxu immun hüceyrələrin bərpasını təmin edir. Daim gec yatıb az yatan insanın orqanizmi infeksiyalara qarşı daha müdafiəsiz olur.

Qidalanma isə işin yarısıdır. Təbii, mövsümi və rəngarəng qidalar immuniteti gücləndirir. Sarımsaq, zəncəfil, limon, bal, qara zirə, nar, kələm, ispanaq kimi məhsullar orqanizmin müdafiə mexanizmini aktivləşdirir. C vitamini, sink və dəmir baxımından zəngin qidalar xüsusilə vacibdir. Fast-food, şəkərli içkilər və həddindən artıq şirinliklər isə immuniteti səssizcə zəiflədir.

Su içmək də çox vaxt yaddan çıxır. Orqanizm susuz qalanda toksinlər daha çətin xaric olunur, bu da immun sistemini yükləyir. Gün ərzində kifayət qədər su içmək bədənin özünü təmizləməsinə kömək edir.

Hərəkət məsələsində də öüçü əsasdır. Hər gün 30–40 dəqiqəlik gəzinti, yüngül idman və ya açıq havada aktivlik qan dövranını yaxşılaşdırır və immun hüceyrələrin fəaliyyətini artırır. Amma həddindən artıq ağır məşqlər əks-effekt verə bilər.

Stress isə immunitetin gizli qatili sayılır. Uzunmüddətli əsəb, gərginlik və psixoloji yorğunluq bədənin müdafiə gücünü zəiflədir. Açıq havada gəzmək, musiqi dinləmək, dua və ya meditasiya, sevdiyin işlə məşğul olmaq stressi azaltmaq üçün ən təbii üsullardandır.

Təmiz hava, günəş işığı və D vitamini də unudulmamalıdır. Qış aylarında günəş azlığı immuniteti zəiflədə bilər. Açıq havada olmaq və həkim məsləhəti ilə D vitamini səviyyəsini nəzarətdə saxlamaq faydalıdır.

Bir sözlə, immuniteti möcüzəvi dərmanlar yox, düzgün həyat tərzi qoruyur.

Ləman Sərraf


Bənzər xəbərlər