media-primitive-tribe-of-ancient-natives-wearing-animal-skins-1-1

Alimlər müəyyən ediblər ki, təxminən 1 milyon il əvvəl bəşəriyyət yer üzündən silinmək təhlükəsi ilə üz-üzə qalıb.

Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, yeni tədqiqat nəticələri insanların sayının cəmi 1200 nəfərə qədər azaldığını göstərir.

2023-cü ildə nəşr olunan və 3145 müasir insanın genetik məlumatlarının təhlilinə əsaslanan bu araşdırma, təxminən 930.000 ilə 813.000 il əvvəl baş verən kütləvi azalma dövrünü ortaya çıxarıb. Tədqiqatçılar bu dövrü “genetik darboğaz” adlandırır və hesablamalara görə, insan populyasiyasının 98,7%-i yox olub.

“Bu, bəşəriyyətin keçmişində baş vermiş və indiyədək üzə çıxarılmamış böyük bir sirdir”, – deyə tədqiqatın müəlliflərindən biri, genetik Li Çi bildirib.

Onun sözlərinə görə, bu darboğaz iqlim dəyişiklikləri ilə sıx bağlı ola bilər: “Soyuq dövrlər, quraqlıq və aclıq insanları yox olmaq həddinə çatdırıb”.

Qeyd edək ki, həmin dövr Yer kürəsinin Pleyistosenin ortalarına keçid mərhələsinə təsadüf edir və alimlər güman edirlər ki, qlobal iqlimdəki sərt dəyişikliklər insan həyatını ciddi şəkildə təhlükə altına alıb. Əhali kiçik, təcrid olunmuş qruplara parçalanıb və sərt mühitdə sağ qalmaq uğrunda mübarizə aparıblar.

Bununla belə, təxminən 813.000 il əvvəl iqlimin yumşalması ilə vəziyyət dəyişib. Alimlər bildirirlər ki, bu daha əlverişli mühit insan populyasiyalarının yenidən artmasına imkan verib və “genetik darboğaz” tədricən aradan qalxıb.

Hazırda həmin dövrə aid fosillərin azlığı səbəbindən bu hadisənin bütün detalları tam şəkildə açıqlana bilməsə də, elm adamları gələcək arxeoloji və genetik tapıntıların bu sirli dövrü bir qədər də aydınlaşdıracağına ümid edirlər.

Gülbəniz Səfərova 


Bənzər xəbərlər