media-inshot_20260220_171600843

Son dövrlərdə “Meta”, istifadəçilərin vəfatından sonra hesab üzərindən paylaşım etməyə imkan verəcək funksiyanı sınaqdan keçirir və yaxın gələcəkdə təqdim etməsi gözlənilir. Bu yenilik sosial şəbəkələrdə istifadəçilərin ölümündən sonra onların məzmununun idarə olunmasını mümkün edəcək, lakin məlumat təhlükəsizliyi və şəxsi məlumatların qorunması baxımından riskləri gündəmə gətirir.

Bu cür funksiya hansı məlumat təhlükəsizliyi və şəxsi məlumatların qorunması risklərini yarada bilər və sui-istifadə hallarının qarşısını almaq üçün hansı hüquqi və texniki mexanizmlər tətbiq olunmalıdır?

Bu barədə İnformasiya Texnologiyaları üzrə Mühəndis-tədqiqatçı, Bəhruz Əliyev Patrul.az-a açıqlamasında bildirib ki, Posthumous paylaşım funksiyası həm texniki sui-istifadə risklərini, həm də mərhum və yaxınlarının məxfilik hüquqlarına dair etik-hüquqi çağırışları ortaya çıxarır:

“Rəqəmsal platformaların sosial həyatın ayrılmaz hissəsinə çevrilməsi fərdi identikliyin onlayn müstəvidə formalaşmasına və qorunmasına dair yeni hüquqi və etik çağırışlar yaratmışdır.

İstifadəçinin vəfatından sonra hesabın aktiv saxlanılması ilk növbədə həmin hesabın üçüncü şəxslər tərəfindən ələ keçirilməsi və ya sui-istifadə edilməsi riskini artırır. Vəfat etmiş şəxsin sosial şəbəkədə formalaşmış etibarı və sosial kapitalı fırıldaqçılıq, fişing kampaniyaları və sosial mühəndislik hücumları üçün effektiv alətə çevrilə bilər. İnsanlar tanıdıqları şəxsin hesabından paylaşılan məzmuna daha yüksək etimad göstərdikləri üçün bu tip sui-istifadə hallarının təsir dairəsi daha geniş olur.

Bundan əlavə, posthumous (ölümdən sonra) paylaşım mexanizmi şəxsi həyatın toxunulmazlığı prinsipinə də ziddir. Vəfat etmiş şəxsin şəxsi mesajlarının, ailə üzvləri ilə yazışmalarının və ya şəxsi xarakter daşıyan vizual materialların açıqlanması yalnız mərhumun deyil, onun yaxın çevrəsinin də məxfilik hüquqlarını poza bilər. Bu baxımdan risk təkcə texniki təhlükəsizliklə məhdudlaşmır, həm də etik və hüquqi müstəviyə keçir”.

media-inshot_20260220_171719620

 

B. Əliyev rəqəmsal irs və posthumous paylaşımın hüquqi tənzimlənməsinin vacibliyini vurğulayır:

“Digər mühüm risk rəqəmsal şəxsiyyətin manipulyasiyasıdır. Ölümündən sonra istifadəçinin adından paylaşımlar edilməsi onun real dünyadakı mövqelərinə, dəyərlərinə və baxışlarına zidd məzmunların yayılmasına səbəb ola bilər

Posthumous paylaşım mexanizmləri rəqəmsal irs anlayışının hüquqi statusunu ön plana çıxarır. Bir çox ölkələrin qanunvericiliyində vəfat etmiş şəxsin sosial media hesablarının hüquqi statusu aydın şəkildə tənzimlənmədiyi üçün platformalar ilə ailə üzvləri arasında mübahisələr yarana bilər. Hesabın silinməsi, memorial statusa keçirilməsi və ya məhdud funksionallıqla saxlanılması kimi qərarların hansı hüquqi əsasla verilməsi məsələsi açıq qalır.Bu kontekstdə istifadəçinin sağ ikən öz rəqəmsal aktivlərinin taleyi ilə bağlı açıq iradə ifadə etməsi, rəqəmsal vəsiyyət mexanizminin tətbiqi hüquqi boşluqların aradan qaldırılmasında mühüm rol oynaya bilər. Platformalar isə bu iradəni hüquqi sənəd kimi tanımalı və icrasına təminat verməlidir”.

Mutexessis qeyd edir ki, posthumous paylaşım funksiyaları yalnız istifadəçinin əvvəlcədən razılığı, ailə üzvlərinin hüquqi təsdiqi və platforma səviyyəsində təhlükəsizlik nəzarəti ilə həyata keçirilməlidir:

“Posthumous paylaşım funksiyasının yaratdığı risklərin azaldılması üçün texniki səviyyədə bir sıra məhdudlaşdırıcı mexanizmlərin tətbiqi zəruridir. Hesabın vəfat faktı təsdiqləndikdən sonra yalnız oxuna bilən (read-only) rejiminə keçirilməsi və aktiv paylaşım imkanlarının avtomatik deaktiv edilməsi əsas təhlükəsizlik tədbirlərindən biri hesab oluna bilər. Yalnız istifadəçinin sağ ikən əvvəlcədən planlaşdırdığı və təsdiqlədiyi paylaşımların avtomatik dərcinə icazə verilməsi daha balanslı yanaşma kimi qiymətləndirilə bilər.

Eyni zamanda, posthumous rejimdə hesab üzərində edilən bütün əməliyyatların audit jurnallarında (audit log) qeydə alınması və istifadəçilər üçün şəffaf şəkildə işarələnməsi (məsələn, bu paylaşım ölümündən sonra avtomatik dərc edilib kimi qeydlər) informasiya mühitində etimadın qorunmasına xidmət edər. Süni intellekt əsaslı monitorinq mexanizmləri isə posthumous paylaşımlar vasitəsilə aparılan fırıldaqçılıq və dezinformasiya cəhdlərini avtomatik aşkarlayaraq platforma səviyyəsində preventiv tədbirlərin görülməsinə imkan verə bilər.Posthumous paylaşım mexanizmləri yalnız istifadəçinin sağ ikən verdiyi açıq razılıq, ailə üzvlərinin hüquqi təsdiqi və platforma səviyyəsində ciddi təhlükəsizlik nəzarət mexanizmləri ilə mümkün olmalıdır”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər