media-inshot_20250728_163940612

Günümüzdə bir çox insan küçədə gəzərkən, evdə işləyərkən və ya tək qaldıqda özü-özünə danışmağa başlayır. Onlar bu yolla düşüncələrini səsli şəkildə ifadə edir, müəyyən qərarlar verməyə çalışırlar.

Bəs maraqlıdır, insanın özüylə danışması psixoloji problem kimi qiymətləndirilə bilərmi?

Bu barədə Patrulaz.az-a açıqlama verən psixoloq Vüsalə Əmiraslanovanın sözlərinə görə, cəmiyyət tərəfindən qəribə qarşılanan bu davranış, əslində insan beyninin ən təbii və funksional proseslərindən biridir:

media-inshot_20250728_164300384

“Sağlam psixikası olan insanın özü-özüylə gündəlik danışması halları müşahidə olunur və bu, psixologiyada normal qarşılanan haldır. İnsan evdə tək olduqda, hər hansı bir qərarı düşünərkən və ya özünü motivasiya etmək məqsədilə danışa bilər. Hətta biz psixoloqlar zaman-zaman insanlara ‘özünüzü dəstəkləyin, motivasiya edin’ deyə tövsiyə veririk”.

Psixoloqun sözlərinə görə, insanın öz-özünə danışması bir sıra psixoloji faydalar daşıyır. Bu, daxili düşüncələrin aydınlaşması, qərarvermə prosesinin asanlaşması və emosional boşalmanın bir forması ola bilər. Lakin bu davranışın intensivliyi və məzmunu müəyyən hallarda diqqətlə izlənməlidir:

“Əgər bir şəxs ətrafda olmayan insanlarla danışırsa və ya görünməyən varlıqlarla ünsiyyət qurduğunu düşünürsə, bu artıq psixi pozuntuların əlaməti ola bilər. Belə hallarda reallıqla bağın zəiflədiyini göstərən ciddi simptomlar müşahidə olunur və professional müdaxilə vacibdir. İnsanın özüylə danışdığı nüanslardan çox şey asılıdır”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər