"İnsanın üzərinə yanıcı maddə tökərək onu alovlandırmaq…" - Vəkil məktəblinin əməlini cinayət hüququ baxımından şərh etdi
Ümumtəhsil məktəblərindən birində şagirdlər arasında baş verən hadisə ictimaiyyətdə ciddi narahatlıq doğurub. Məlumata görə, şagirdlərdən biri sinif yoldaşının üzərinə spirt tökərək onu yandırıb və nəticədə ağır xəsarətlərə səbəb olub. Bu cür hadisələr həm məktəb mühitində təhlükəsizlik məsələlərini, həm də yetkinlik yaşına çatmayanların hüquqi məsuliyyətini gündəmə gətirir.
Bəs bu kimi ağır əmələ görə təqsirkar şəxs hansı hallarda cinayət məsuliyyətinə cəlb olunur və ümumiyyətlə Azərbaycan qanunvericiliyi bu vəziyyəti necə tənzimləyir?
Bu barədə AR Vəkillər Kollegiyasının üzvü, vəkil Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki, məktəbdə şagirdin sinif yoldaşını spirtlə yandırması qanunvericiliyə əsasən qəsdən sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilən cinayətdir:
“Mənim fikrimcə, ümumtəhsil məktəbində şagirdin sinif yoldaşının üzərinə spirt tökərək onu yandırması son dərəcə ağır, yüksək ictimai təhlükəliliyə malik və sırf intizam pozuntusu kimi deyil, cinayət-hüquqi müstəvidə qiymətləndirilməli olan əməldir. Təqdim olunan faktlar, xüsusilə zərərçəkmişin bədəninin müxtəlif nahiyələrində II–III dərəcəli ağır yanıq xəsarətlərinin olması və vəziyyətinin ağır qiymətləndirilməsi göstərir ki, bu əməl qəsdən sağlamlığa zərər vurma kimi hüquqi qiymət ala bilər; əgər istintaq zamanı öldürmək niyyəti sübuta yetirilərsə, o halda qəsdən adam öldürməyə cəhd kimi də tövsif oluna bilər. Mən hesab edirəm ki, burada istifadə olunan üsulun özü – insanın üzərinə yanıcı maddə tökərək onu alovlandırmaq – əməlin ictimai təhlükəliliyini olduqca artırır”.

Vəkil qeyd edir ki, belə hallarda cinayət məsuliyyəti yalnız yaş həddi və anlaqlılıq müəyyən edildikdən sonra yaranır, buna görə də psixi vəziyyət məhkəmə-psixiatrik ekspertiza ilə qiymətləndirilməlidir:
“Bununla yanaşı, məncə hadisəni törədən uşağın anlaqlılıq vəziyyəti də iş üzrə mühüm hüquqi əhəmiyyət kəsb edən məsələlərdən biridir. Çünki Azərbaycan qanunvericiliyinə görə, cinayət məsuliyyəti yalnız müəyyən yaş həddinə çatmış (bu halda 14 yaşdan) və anlaqlı şəxs barəsində yarana bilər; bu baxımdan, belə ağır və qeyri-adi davranış fonunda şəxsin psixi vəziyyətinin məhkəmə-psixiatrik ekspertiza yolu ilə qiymətləndirilməsi zəruridir. Əgər ekspertiza nəticəsində müəyyən olunsa ki, həmin şəxs əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyib və ya onları idarə edə bilməyib, bu halda cinayət cəzasından daha çox tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsi gündəmə gələ bilər. Mənim qənaətimə görə, belə işlərdə həm cəmiyyətin təhlükəsizliyi, həm də azyaşlının psixi vəziyyətinin obyektiv müəyyənləşdirilməsi baxımından istintaqın təkcə əməlin nəticəsinə deyil, təqsirkarın yaşı, niyyəti və anlaqlılıq durumuna da kompleks hüquqi qiymət verməsi vacibdir”.
Cəmilə Cəfərzadə






