İnsanların dərdini dinləyən psixoqların da psixoloqa getməyə ehtiyacı varmı? - AÇIQLAMA
Psixoloji sağlamlıq cəmiyyətdə getdikcə daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. İnsanlar stress, emosional gərginlik və daxili konfliktlərlə mübarizədə tez-tez psixoloqlara müraciət edirlər. Bu prosesdə diqqət çəkən maraqlı məqamlardan biri isə başqalarına dəstək göstərən, onları dinləyən və yönləndirən psixoloqların öz emosional vəziyyətidir. Davamlı olaraq insanların problemləri ilə üz-üzə qalan bu mütəxəssislərin də peşə fəaliyyəti zamanı müxtəlif psixoloji yüklənmələrlə qarşılaşdığı qeyd olunur.
Bəs psixoloqların da psixoloqa ehtiyacı olurmu?
Bu barədə psixoloq Nizami Orucov Patrul.az-a açıqlamasında bildirib ki, psixoloji bilik psixoloqları hisslərdən sığortalamır, buna görə onların da psixoloqa ehtiyacı olur:
“Bəli, psixoloqların da psixoloqa ehtiyacı olur bu, həm insani, həm də peşəkar baxımdan tam normaldır.Psixoloqlar da digər insanlar kimi stress yaşayır, yorulur, itki, narahatlıq və daxili konfliktlər keçirir. Fərq ondadır ki, onlar başqalarının emosional yükü ilə daim təmasda olurlar. Bu da zamanla emosional tükənmə, həddən artıq məsuliyyət hissi və öz hisslərini arxa plana atmaq riskini yaradır.Psixoloji bilik insanı toxunulmaz etmir. Əksinə, bəzən psixoloq öz problemlərini daha yaxşı analiz etdiyi üçün onları hiss etməkdən qaça, ya da özünə qarşı daha tələbkar ola bilər. Bu nöqtədə kənar, obyektiv bir mütəxəssisin baxışı çox vacibdir”.

Psixoloqun sözlərinə görə, psixoloqun psixoloqa getməsi zəiflik deyil, peşəkar məsuliyyət və psixoloji sağlamlığın qorunmasıdır:
“Peşəkar baxımdan da psixoloqun psixoloqa getməsi etik və sağlam yanaşmadır. Superviziya və şəxsi terapiya psixoloqa həm öz emosiyalarını tənzimləmək, həm də pasiyentlərlə daha təhlükəsiz və effektiv işləmək imkanı verir.Qısaca desək, psixoloqun psixoloqa getməsi zəiflik deyil. Bu, özünə məsuliyyət, peşəkar dürüstlük və psixoloji sağlamlığın qorunmasıdır”.
Cəmilə Cəfərzadə






