İntensiv yağışlar bazarda hansı məhsulları bahalaşdırıb? - AÇIQLANDI
Son günlər müşahidə olunan intensiv yağışlar kənd təsərrüfatı sahəsinə, logistika zəncirinə və ümumilikdə bazar fəaliyyətinə təsirsiz ötüşmür. Torpaq sahələrinin su altında qalması, məhsul yığımının gecikməsi, bəzi hallarda isə məhsulların zərər görməsi təchizatın azalmasına səbəb ola bilər. Eyni zamanda, nəqliyyat və daşınma proseslərində yaranan çətinliklər məhsulların bazarlara vaxtında və əvvəlki həcmdə çıxarılmasını məhdudlaşdırır. Bu kimi amillər isə xüsusilə tez xarab olan və yerli istehsaldan asılı məhsulların qiymətlərində artım təzyiqi yarada bilər.
Belə şəraitdə intensiv yağışların davam etməsi bazar qiymətlərinə necə təsir göstərə bilər və hansı məhsul qruplarında bahalaşma daha çox müşahidə oluna bilər?
Bu barədə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Abdullayeva Patrul.az-a açıqlamasında bildirib ki, kənd təsərrüfatı təbiətdən asılı sahə olduğundan iqlim şəraiti məhsuldarlığa birbaşa təsir göstərir:
“Yağışlar əkin sahələri üçün ümumilikdə faydalı olsa da, intensiv yağıntılar torpaqda suyun yığılmasına, bitki köklərinin zədələnməsinə və xəstəliklərin yayılmasına səbəb olaraq məhsuldarlığın azalmasına gətirib çıxarır”.

Ekspertin sözlərinə görə, bu təsir xüsusilə açıq sahədə yetişdirilən və tez xarab olan məhsullarda daha qabarıq müşahidə olunur:
“Nəticədə bazara çıxarılan məhsulun həcmi azalır ki, bu da qiymət artımını şərtləndirir. Pomidor, xiyar, bibər, badımcan, kartof və soğan kimi tərəvəzlər, eləcə də kahı, şüyüd, keşniş və ispanaq kimi yaşıllıqlarda bahalaşma ehtimalı daha yüksəkdir. Eyni zamanda mövsümi və tez xarab olan meyvələrdə də qiymət artımı gözlənilir”.
R.S. Abdullayeva onu da qeyd edib ki, kənd təsərrüfatı məhsullarının bahalaşmasını yalnız intensiv yağışlarla izah etmək doğru deyil:
“Qiymətlərə qlobal ərzaq bazarındakı dəyişikliklər, ixracın artması, logistika və daşınma xərcləri, eləcə də mövsümi amillər də əhəmiyyətli təsir göstərir”.
Cəmilə Cəfərzadə






