“iOS 26” yeniləməsindən sonra iPhone-larda isinmə və enerji doldurma problemləri - “Apple” açıqlama verdi
“Apple”ın mobil əməliyyat sisteminin ən son versiyası olan “iOS 26” istifadəyə verildikdən sonra çoxlu sayda “iPhone” istifadəçisi ciddi texniki problemlər barədə məlumat verib. Yeniləmədən sonra telefonların həddindən artıq isinməsi, batareyanın sürətlə boşalması və enerji doldurma prosesinin ləngiməsi və ya gözlənilmədən dayanması halları müşahidə olunur.
Patrulaz.az xəbər verir ki, şirkət məsələ ilə bağlı açıqlama yayaraq bildirib ki, yeni sistem qurulduqdan sonra cihaz arxa planda indeksləmə, tətbiqlərin uyğunlaşdırılması və digər optimizasiya işləri apardığı üçün qısa müddətli istiləşmə və enerji doldurma problemləri normaldır. “Apple” vurğulayıb ki, bu proseslər tamamlandıqdan sonra cihazın enerji sərfi və temperatur göstəriciləri öz-özünə sabitləşəcək.
Mütəxəssislər də bu izahı təsdiqləyərək bildirirlər ki, əsasən ilk bir neçə gün ərzində prosessor və yaddaş yükü artır, bəzi tətbiqlər sistemlə uyğunlaşana qədər fon prosesləri aktiv qalır. İstifadəçilərə arxa plan yeniləmələrini məhdudlaşdırmaq, cihazı çox isti mühitdə enerji doldurma etməmək və yalnız orijinal adapter və kabellərdən istifadə etmək tövsiyə olunur.
“Apple” problemlərin müvəqqəti olduğunu, uzun müddət davam edərsə rəsmi servis mərkəzinə müraciət edilməli olduğunu açıqlayıb. Şirkət bu halı keçici proses kimi qiymətləndirir və əlavə texniki təhlükə görmür.






