“İrakli Kobaxidzenin Azərbaycana səfəri gələcək tərəqqiyə hesablanıb” – DEPUTAT DANIŞDI
“Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Azərbaycana səfəri və səfər zamanı imzalanan bir çox sənədlər strateji tərəfdaşlığa dair müzakirələrin aparılması hər iki ölkənin milli mənafeyinə uyğundur. Gürcüstanın baş naziri cənab Prezident İlham Əliyevlə görüşü zamanı Azərbaycanın əldə etdiyi uğurlara yüksək qiymət vermiş və dövlətimizin rəhbərinin fəaliyyətini yüksək qiymətləndirmişdir. O, Prezidentimizə xitab edərək, regionda fərqli lider olduğunu və Gürcüstan üçün nümunə olduğunu bildirmişdir. Kobaxidze tərəfindən səsləndirilmiş bu fikirlər reallıqdır və bilavasitə rəhbərimizə, onun fəaliyyətinə dəstək verilməsi, həm də qiymətləndirilməsidir”.
Bu sözləri “Patrulaz”-a açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
O bildirib ki, bu gün Cənubi Qafqazda təhlükəsizliyin, əmin-amanlığın, sülhün qorunmasında ölkə rəhbəri İlham Əliyevin rolu əvəzsizdir: “Bu fəaliyyət nəinki region üçün, həm də qonşu dövlətlər üçün nümunədir. Gürcüstanın rəsmi dairələri bu nümunədən istifadə etməyə çalışırlar. Çünki sözügedən nümunə özünü doğruldub və Azərbaycana mühüm uğurlar qazandırmağa davam edir.
Azərbaycanla Gürcüstan tarixi köklərə söykənən və daimi biri-birinə dəstək verən qardaş dövlətlərdir. Bu münasibətlərin əsası Ulu Öndər Heydər Əliyev və Gürcüstanın lideri Eduard Şevardnadze tərəfindən qoyulub və bu dostluq münasibətləri bu gün də ən yüksək səviyyədədir. Azərbaycanın düşmən üzərində qazandığı tarixi qələbə, separatçıların ayağının Qarabağ torpaqlarından kəsilməsi, dövlətimizin beynəlxalq arenada söz sahibi olması və öz təşəbbüsləri ilə dünyada sülhə töhfələr verməsi Gürcüstan üçün örnəkdir. Hər iki ölkə uzun müddət separatçılıqdan əziyyət çəkib və Azərbaycan torpaqları otuz il müddətində düşmən tapdağında qalıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, qətiyyəti, xalqımızın birliyi və ordumuzun gücü sayəsində torpaqlarımız düşmən işğalından azad olunub və bu gün biz tam suveren şəraitdə yaşayırıq. Gürcü xalqı da separatizmə məruz qalıb və onun bir hissəsi bu gün hələ də separatçıların əlindədir. Belə bir şəraitdə Azərbaycanın təcrübəsi və sülh çağrışları qonşu dövlət üçün də nümunə olmalıdır. İrakli Kobaxidze də öz çıxışlarında bunu dilə gətirmiş və Azərbaycanın qətiyyətini yüksək qiymətləndirmişdir.
Gürcüstan-Azərbaycan münasibətlərinin möhkəmlənməsi regionda həm sülhə, həm də iqtisadi inkişafa xidmət edir. Çünki iki qaz və iki neft ixrac kəməri Gürcüstan ərazisindən keçir. Bakı-Tbilisi-Qars dəmiryolu bu gün iqtisadi inkişafda mühüm rol oynayır. Bir çox sahələrdə birgə fəaliyyətlə bağlı layihələr işlənilir. Ölkə başçısı İlham Əliyev öz çıxışında Gürcüstana investisiya qoyuluşunu ildən-ilə artırdığımızı bildirmişdir. Belə ki, artıq Gürcüstan iqtisadiyyatına 3.6 milyard sərmayə qoyulub və əlaqələrin möhkəmlənməsi sərmayələrin qoyuluşunu artıracaq.
Bu gün Gürcüstan özünün tam müstəqillik yolunu seçib. Gürcüstanda keçirilən prezident və parlament seçkiləri bunu dəqiqliyi ilə göstərir. Düzdür, Avropanın və Qərbin Gürcüstana çox böyük təsirləri var. Bu təsirlər bilavasitə gürcü xalqının saxlanılması deməkdir. Gürcüstan hakimiyyəti və xalq prosesləri aydın gördüyü üçün özünün müstəqillik yolunu seçdi və bir çox xarici ölkələrin asılılığından qurtulmaq üçün öz sözünü dedi. Regionda lider dövlət kimi qələbə çalmış Azərbaycanla münasibətlərin yaxşılaşdırılması gürcü dövlətinin və xalqının xeyrinədir. Azərbaycan iqtisadi baxımdan inkişaf etmiş ölkələrdən hesab edilir və özünün güclü ordusu, xalqının birliyinə arxalanaraq yeni uğurlara imza atır. Dövlətimizin rəhbərinin haqlı tələbləri, ədalətə çağrışları dünyada əks-səda yaradır.
Azərbaycan regionda sülhün və təhlükəsizliyin təmin edilməsində maraqlıdır və bunun üçün əlindən gələni etməyə qadirdir. Gürcüstanın baş nazirinin ilk səfərini Azərbaycana etməsi və Azərbaycanın liderini bir nümunə kimi dünyaya təqdim etməsi qürurvericidir. Bu, dost və qardaşlıq münasibətlərindən irəli gəlir. Bu münasibətlərin möhkəmlənməsi, işğalçı Ermənistana, eləcə də Gürcüstana təzyiq göstərənlərə maneədir. Gürcüstanla Azərbaycanın birliyi sözügedən maneələri daha qətiyyətli şəkildə dəf etməyə, təcavüzkar Ermənistanı yerində oturtmağa və onu tezliklə sülhə vadar etməyə qadirdir. Gürcü-Azərbaycan xalqlarının gələcəyi bu birlikdən mühüm dərəcədə asılıdır. İrakli Kobaxidzenin Azərbaycana səfəri də məhz gələcək inkişafa, tərəqqiyə, sülhə hesablanıb”.






