"İran ABŞ gəmilərinə hücum edərsə, yer üzündən silinəcək" - Tramp
ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt bəyanatla çıxış edib.
Patrul.az xəbər verir ki, Tramp “Fox News” telekanalına müsahibəsində bildirib ki, İran “Azadlıq Layihəsi”ni həyata keçirən ABŞ gəmilərinə hücum edərsə, yer üzündən silinəcək.
O əlavə edib ki, İranın sülh danışıqlarında daha çevik mövqe nümayiş etdirdiyi qənaətindədir.
ABŞ Prezidenti həmçinin ölkəsinin bölgədə hərbi gücünü artırmağa davam etdiyini vurğulayıb:
“Əvvəlkindən daha yüksək səviyyədə daha çox silah və sursatımız var. Ən yaxşı avadanlıqlarımız var. Dünyanın hər yerində silahlarımız və bazalarımız mövcuddur. Hamısı avadanlıqla təchiz olunub. Bütün bu imkanlardan istifadə edə bilərik və ehtiyac yaranarsa, istifadə edəcəyik”, – deyə o bildirib.
Bildirilib ki, ABŞ ordusu bazar ertəsi günü “Azadlıq Layihəsi” çərçivəsində Hörmüz boğazı yaxınlığında altı İran kiçik qayığını batırıb.
İran ordusu isə Hörmüz boğazı ərazisinə daxil olan istənilən ABŞ qüvvələrinə hücum edəcəyini açıqlayıb.
Qeyd edək ki, ABŞ-nin “Azadlıq Layihəsi” adlandırdığı əməliyyatın məqsədi İranın blokadası səbəbindən aylardır Hörmüz boğazında qalan təxminən 2 000 gəmini və 20 000 dənizçini xilas etməkdir.






