“İran Azərbaycanla münasibətlərini qorumalıdır” – DEPUTAT DANIŞDI
“Bu gün Azərbaycan-İran münasibətlərində müəyyən gərginlik müşahidə edilir və bu gərginliyin əsas səbəbkarı İrandır. Belə ki, İran rəsmiləri ardıcıl şəkildə ölkəmizə qarşı təxribatlar törədirlər. Hətta bir müddət əvvəl səfirliyin əməkdaşı qətlə yetirildi və cinayətkar şəxs cəzalandırılmadı”.
Bu sözləri Patrulaz.az-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, son günlərdə də İran rəsmlərinin törətdiyi təxribatların sayı artıb, hətta onlar Azərbaycan vətəndaşlarını həbs ediblər: “Azərbaycan isə bütün bunlara sərt reaksiya verdi. Əgər İran Yaxın Şərqdə mövqelərini itiribsə, bunun günahkarı Azərbaycan deyil. Dövlətimiz müstəqil siyasət həyata keçirir, biz hər zaman İranla münasibətlərin güclənməsində, inkişafında maraqlı olmuşuq. İran anlamalıdır ki, Azərbaycanla münasibətlərini qorumalıdır və iki dost xalq qarşılıqlı sülh şəraitində yaşamalıdır”.






