"İranın Naxçıvana dron hücumları ciddi qarşıdurma yaratmağa yönəlib" - Müşfiq Cəfərov
İran tərəfindən Naxçıvan Muxtar Respublikasına dron zərbələrinin endirilməsi xəbəri ölkədə ciddi narahatlıq yaradıb. Hücum nəticəsində mülki infrastrukturda ziyan dəyməsi və insan tələfatı ehtimalı Azərbaycan ictimaiyyətində təşviş doğurub.
Bununla bağlı Patrul.az-a millət vəkili Müşfiq Cəfərov bildirib ki, Azərbaycan dəfələrlə bəyan edib ki, ABŞ və İsrailin son hücumları ərəfəsində öz ərazisini İrana qarşı heç bir şəkildə istifadə etməyəcək və bu yolla ölkəmiz neytrallığını və xoş niyyətini sübut edib. Lakin qarşı tərəfin ölkəmizə göstərdiyi münasibət çox məyusedicidir.
Cəfərov vurğulayıb ki, İranın Naxçıvan Muxtar Respublikası ərazisinə dron hücumları ciddi qarşıdurma yaratmağa yönəlib. Bu hücum yalnız beynəlxalq hüququn norma və prinsiplərinin pozulması deyil, eyni zamanda regionda gərginliyin artmasına xidmət edir.
Millət vəkilinin sözlərinə görə, baş verən hadisə ilə bağlı İran tərəfindən qısa müddət ərzində aydınlıq gətirilməli və gələcəkdə bu kimi halların təkrarlanmaması üçün zəruri, təxirəsalınmaz tədbirlər görülməlidir. Bu, dövlətimizin tələbidir:

“Azərbaycan heç vaxt qonşuluq prinsiplərinə zidd addım atmayıb və heç bir zaman İran ərazisinə qarşı iddia irəli sürməyib. Hazırda İran və ABŞ-İsrail münaqişəsi davam edərkən Azərbaycan qonşuluq siyasətinə sadiq qalaraq öz ərazisini heç bir qonşu və dost dövlətə qarşı istifadə etməyəcəyini bir daha bəyan edib. Eyni zamanda Azərbaycan sərhəd-keçid məntəqələrini açıq saxlayaraq həm İrandakı digər ölkə vətəndaşlarının, həm də İran vətəndaşlarının öz ölkələrinə təhlükəsiz keçidinə şərait yaradıb.
Bütün bunların fonunda İranın Naxçıvana endirdiyi dron hücumu regionda siyasi böhranın yaranmasına səbəb ola bilər”.






