İrəvanda Ronaldonu qarşılayan ermənilər "Messi" deyə qışqırdılar - VİDEO
Məşhur portuqaliyalı futbolçu Kriştiano Ronaldo Ermənistanın paytaxtı İrəvana səfər edib.
Patrulaz.az sosial şəbəkələrdə yayılan görüntülərə əsasən xəbər verir ki, Ronaldo futbol üzrə Portuqaliya milli komandası ilə 2026-cı il dünya çempionatının seçmə mərhələsi oyununu keçirmək üçün sentyabrın 4-də gecə saatlarında Ermənistana gəlib.
Görüntülərdə “Zvartnots” hava limanında çoxsaylı erməni azarkeşlərin Portuqaliya millisinin kapitanı, Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun 40 yaşlı hücumçusu Kriştiano Ronaldonu qarşılamağa toplandıqları əks olunub. Həmin azarkeşlər arasında “Messi, Messi” şüarı səsləndirənlər də olub.
Qarşılaşma sentyabrın 6-da İrəvanın Vazgen Sarkisyan adına “Respublika” stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.
DÇ-2026-nın Avropa zonasının seçmə mərhələsinin F qrupunun ilk turu çərçivəsində keçiriləcək Ermənistan – Portuqaliya oyununu ingilis hakimlər briqadası idarə edəcək.
Qeyd edək ki, bu, Ronaldonun Ermənistana ilk səfəri deyil.
Gülbəniz Səfərova






