İsrail: Əli Laricani hava hücumunda öldürülüb
İsrail tərəfi iddia edir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani hava hücumu nəticəsində öldürülüb.
Patrul.az xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katz bildirib ki, hadisə martın 17-nə keçən gecə İsrail Müdafiə Qüvvələri tərəfindən həyata keçirilən zərbə zamanı baş verib. Onun sözlərinə görə, son aylarda İranın idarə olunmasında mühüm rol oynayan Laricani hücum zamanı hədəfə alınıb.
İsrailin təhlükəsizlik xidmətlərindəki mənbə Kanal 12 TV-yə bildirib ki, martın 16-da günortadan sonra Laricaninin Tehrandakı təhlükəsiz evlərdən birinə gələcəyi barədə məlumat əldə olunub. İddia olunur ki, o, hücum zamanı oğlu ilə birlikdə həmin ünvanda olub və zərbədən sağ çıxmaq ehtimalı olmayıb.
Digər tərəfdən, İran rəsmiləri hələlik Laricaninin ölümü ilə bağlı məlumatı rəsmi şəkildə təsdiqləməyib.
The New York Times yazır ki, İsrail və ABŞ-la mümkün müharibə ərəfəsində Laricani faktiki olaraq ölkədə əsas qərarverici fiqurlardan birinə çevrilmişdi. Məlumata görə, İranın ali lideri Əli Xamenei ona 2026-cı ilin əvvəlində daxili etirazları nəzarətdə saxlamaq və müharibəyə hazırlıq işlərini gücləndirmək tapşırığı vermişdi.
Qeyd olunur ki, Laricani həmçinin Tehranın əsas tərəfdaşları ilə əlaqələrin qorunmasında və ABŞ-lə nüvə danışıqlarının koordinasiyasında mühüm rol oynayırdı.
Aynur Nadirqızı






