İsrail fransalı deputatların vizalarını ləğv etdi
İsrail hökuməti Fransadan olan 27 deputat və yerli məmurun ölkəyə giriş vizalarını səfərdən iki gün əvvəl ləğv edib.
Patrulaz.az “Yahoo”ya istinadən xəbər verir ki, hadisə Emmanuel Makronun Fransanın yaxın zamanda Fələstin dövlətini tanıya biləcəyini deməsindən sonra İsrail-Fransa münasibətlərində yaşanan diplomatik gərginliyin əsasında baş verib. Həmçinin bu addım bir neçə gün əvvəl İsrailin iki britaniyalı parlament üzvünün ölkəyə girişinə qadağa qoymasından sonra atılıb.
İsrailin Daxili İşlər Nazirliyi vizaların ləğvini bu şəxslərin “İsrail dövlətinə qarşı fəaliyyət göstərə biləcək” insanlar siyahısına salınması ilə əsaslandırıb. Nazirlik qanuna istinad edərək bildirib ki, belə şəxslərə girişin qadağan olunması qanuni əsaslara söykənir.
Vizaları ləğv edilən nümayəndə heyətinə Ekoloq və Kommunist partiyalarından olan Fransua Ruffin, Aleksis Korbyer, Julie Ozenne, Soumya Bourouaha və Marianne Margate kimi deputat və senatorlar daxildir. Onlar səfərin məqsədinin beynəlxalq əməkdaşlığı və sülh mədəniyyətini gücləndirmək olduğunu bildiriblər.
“Getməyimizə iki gün qalmış İsrail hakimiyyəti bir ay əvvəl təsdiqlənmiş giriş vizalarımızı ləğv etdi. Biz kollektiv cəzaya bənzəyən bu qəfil qərara nəyin səbəb olduğunu anlamaq istəyirik”,– deyə deputatlar birgə bəyanatda bildiriblər.
Qrup bu qərarı “diplomatik əlaqələrdə böyük qırılma” adlandıraraq Fransa prezidenti Emmanuel Makronla görüş tələb edib və hökuməti məsələyə müdaxilə etməyə çağırıb.
Qeyd edək ki, fevral ayında İsrail Avropa Parlamentinin iki deputatına da eyni səbəblə ölkəyə girişə icazə verməmişdi.
Gülbəniz Səfərova