Rusiya və İran bütün sahələrdə əməkdaşlığa start verdi
Putin İranla strateji tərəfdaşlıq sazişini təsdiqləyib.
Patrulaz.az “Haberglobal”a istinadən xəbər verir ki, Prezident Vladimir Putin iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq sazişinin ratifikasiyası haqqında qanunu imzalayıb.
Bu sənəd Moskva ilə Tehran arasında uzunmüddətli və çoxşaxəli əməkdaşlığın hüquqi əsasını formalaşdırır. Saziş müdafiə, terrorla mübarizə, enerji, maliyyə, nəqliyyat, sənaye, kənd təsərrüfatı, elm, mədəniyyət və texnologiya sahələrini əhatə edir və tərəflərə “strateji tərəfdaş” statusu verir.
İranın xarici işlər naziri Abbas Araqçi ötən həftə Moskvada Vladimir Putinlə görüş zamanı bu razılaşmanı “iki ölkə arasında əməkdaşlığın göstəricisi” adlandıraraq, “əlaqələrin bütün sahələrdə dərinləşdirilməsi vacibdir” fikrini səsləndirib.
Putin isə görüşdə: “İkitərəfli münasibətlərin möhkəmləndirilməsi, həmçinin regional və beynəlxalq məsələlərdə koordinasiya hər iki xalqın maraqlarına xidmət edir və bölgədə sabitliyi gücləndirir”,- deyə vurğulayıb.
Qeyd edək ki, bu saziş Moskva ilə Tehran arasında artan diplomatik və iqtisadi yaxınlaşmanın son illərdəki ən önəmli addımlarından biri kimi qiymətləndirilir.
Gülbəniz Səfərova