media-bac4def1-0cc7-4cf6-a638-e5d213104e93

BMT-nin məlumatına görə, Azərbaycanda orta ömür uzunluğu 74 ildir. Son 14 ildə isə bu göstərici 70-dən 74-ə yüksəlib, bu da ölkədə səhiyyə sisteminin və həyat şəraitinin yaxşılaşdığını göstərir. Bu da onu göstərir ki, Azərbaycanda insanlar son 14 ildə daha sağlam və balanslı həyat tərzi keçirirlər. Sosioloq Üzeyir Şəfiyev Patrulaz.az-a açıqlamasında ölkəmizdə ömür uzunluğundakı artımın hansı amillərlə əlaqəli olduğunu izah etdi:

“Ömür uzunluğuna təsir edən faktorlar çoxdur. Bu ilk növbədə səhiyyə əlçatarlığı ilə bağlı məsələdir. Yəni, insanların səhiyyəyə əlçatarlığı artdıqca, onların ömür uzunluğu da artır. Əvvələr insanlar adi xəstəliklərdən belə dünyasını dəyişirdi. İndi isə səhiyyə əlçatarlığı imkan verir ki, xəstəliklər müalicə olunsun. Bu da ömür uzunluğuna təsir edir. Eyni zamanda, insanların həyat tərzlərində də dəyişikliklər baş verdi. Onlar indi həyatlarını rahat yaşayırlar, əvvəlki çətinliklər nisbətən azalıb. 30-40 il öncə ilə müqayisədə, bu gün insanların rifahında şübhəsiz ki, dəyişikliklər baş verib. Amma hər dövrün öz problemləri olsa da, bu gün səhiyyə xidmətlərinin əlçatarlığı ömür uzunluğuna müsbət təsir göstərir”.

Maraqlıdır ki, bu artım hansı faktorlarla əlaqəlidir? Kişilərlə qadınlar arasında ömür uzunluğunda ictimai baxımdan fərq yaradan səbəblər hansılardır? Sosioloq Üzeyir Şəfiyev qadınların kişilərdən niyə daha uzun yaşadıqlarını hərtərəfli şəkildə şərh etdi:

media-7d34e376-04d1-4c50-8664-40807ff91b0c
“Kişilərin qidalanması və həyat tərzləri qadınlardan bir qədər fərqlidir. Kişilər qida rejimi adekvat olmadığı üçün siqaret, tütün məmulatları və alkoqol istifadə edirlər. Onlar qadınlara nisbətən daha ağır həyat və iş şəraitində işləyirlər. Bütün bunlar onların ömür uzunluğuna neqativ təsir göstərir. Kişilər qadınlara fərqli olaraq, introbertdir, yəni problem və qayğılarını içində saxlayır. Hətta ictimaiyyət tərəfindən onlara “kişi ağlamaz”, “kişi gileylənməz” kimi bir yüklənmə də var. Bu baxımdan, kişilər də bütün problemlərini içinə ötürür, bu da şübhəsiz ki, onların səhhətinə sosomatik təsir göstərir. Həmçinin də tibbi və fizioloji tərəfləri də var. Yəni kişi xromosomları ilə qadınların bioloji etiaologiyası fərqlidir. Misal olaraq, qadınlar gərgin hallarda ekstrovert hərəkət edirlər, yəni ağlayaraq sakitləşməyi bacarırlar. Beləliklə də kişilərə nisbətən qadınlar neqativliyi daha tez üzərlərindən ata bilirlər. Bütün bunlar da qadınlarla kişilərin ömür uzunluğundakı fərqi şərtləndirə bilir. Nəticədə onlar kişilərə nisbətən daha sağlam həyat tərzi yaşayırlar”.

Statistikaya görə, bölgələr üzrə insanların ömür uzunluğunda da müəyyən fərqliliklər müşahidə olunur. Bəs, görəsən, bu nə ilə əlaqədardır? Bu barədə də sosioloq öz fikrini əsaslandırdı:

“Ömür uzunluğunun bölgələrə təsiri də mövcuddur. Sağlam ətraf mühit, təbiət, düzgün qidalanma və radioaktiv tullantılardan uzaq mühitlərdə şübhəsiz ki, ömür uzunluğu daha yüksək olur. Bu baxımdan, müxtəlif bölgələrdə yaşayan insanların ömür uzunluqları fərqlidir. Uzun ömürlü bölgələrdə təbiətin və həyat tərzinin rolu böyükdür. Gərginlik və səs-küydən uzaq olan bölgələrdə ömür daha uzun olur. Yəni, bu, insanların düzgün və sağlam həyat tərzi, fiziki fəaliyyətlə əlaqədardır. Ruhun və bədənin sağlamlığının qorunması şübhəsiz ki, ömür uzunluğuna müsbət təsir göstərən amillərdəndir”.

Göründüyü kimi, insanların ömrünün uzun olması bir çox faktorlarla əlaqəlidir. Sosioloqun da qeyd etdiyi kimi, burada əsas sağlam həyat şəraiti, səhiyyə xidmətlərinin əlçatarlığı, düzgün qidalanma, fiziki fəaliyyət və ruhi sağlamlıq rol oynayır. Həmçinin, kişilərlə qadınlar arasındakı ömür uzunluğundakı fərqlər, həyat tərzlərindəki dəyişikliklər və bioloji fərqliliklərlə izah olunur. Bölgələr üzrə fərqliliklər isə ətraf mühitin, təbiətin və sosial şəraitin ömür uzunluğuna təsir etdiyini göstərir. Nəticə etibarilə, insanların daha uzun və sağlam həyat sürməsi üçün həm fiziki, həm də ruhi baxımdan balanslı bir həyat tərzi seçilməlidir.

Gülbəniz Səfərova


Bənzər xəbərlər