İstanbulda zəlzələdən sonra qərar verildi: “Məktəblər 2 günlük…”
İstanbulda baş verən 6,2 bal gücündə zəlzələnin ardından təhlükəsizlik məqsədilə təhsil müəssisələrinin fəaliyyətinə iki günlük fasilə verilib.
Patrulaz.az “NTV”yə istinadən xəbər verir ki, Milli Təhsil Naziri Yusuf Tekin 23 aprel tarixində verdiyi açıqlamada İstanbulda məktəblərin cümə axşamı və cümə günləri, yəni iki gün müddətinə bağlı olacağını bildirib. Eyni qərar universitetlərə də şamil olunub.
Nazir Tekin bildirib: “Daxili İşlər Nazirimizlə vəziyyəti qiymətləndirdik. Məktəblər zəruri halda görüş mərkəzi kimi istifadə oluna bilər. Buna görə həm ehtiyat tədbiri olaraq, həm də təhlükəsizliyi təmin etmək məqsədilə İstanbul vilayətində məktəblərin iki gün bağlanması qərarına gəldik”.
İstanbul Valiliyinin yaydığı bəyanatda isə qeyd edilib ki, bu müddətdə dövlət müəssisələrində çalışan hamilə qadınlar, əlilliyi olan şəxslər, əlil veteranlar və 10 yaşınadək uşağı olan analar inzibati məzuniyyətə buraxılıblar.
Xatırladaq ki, bu gün İstanbulda 6,2 bal gücündə zəlzələ baş verib. 13 saniyə davam edən zəlzələdə 151 nəfər hündürlükdən tullanaraq yüngül xəsarətlər alıb.
Gülbəniz Səfərova