Peskovdan Trampın planına reaksiya: “Biz təzyiqə yox, təbiiliyə üstünlük veririk”
Kreml ABŞ prezidenti Donald Trampın Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı təklif etdiyi sülh planının məzmunu barədə məlumatlı olmadığını açıqlayıb.
Patrulaz.az “TASS”a istinadən xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov sözügedən plan barədə sualı cavablandırarkən belə deyib:
“Xeyr, biz bilmirik. Əgər bilsəydik belə, bunu ictimailəşdirməzdik” – deyə Peskov bildirib.
Peskov əlavə edib ki, Rusiya tərəfi ABŞ-lə bütün mövcud kanallar vasitəsilə əlaqəni davam etdirir və prosesin təzyiqlə deyil, təbii şəkildə irəliləməsinin tərəfdarıdır:
“Biz bəzi sərt müddətlərə çatmaq üçün nəyisə zorlamağa meylli deyilik” – deyə Kremlin sözçüsü qeyd edib.
“The New York Post”un yazdığına görə, Trampın planı Kiyevin nəzarətində olan ərazilərə Avropa qüvvələrinin yerləşdirilməsini, eyni zamanda atəşkəsə nəzarət üçün ruslar, ukraynalılar və NATO üzvü olmayan üçüncü ölkənin nümayəndələrinin daxil olacağı “birgə komissiya”nın yaradılmasını nəzərdə tutur.
Qəzetin məlumatına əsasən, Ukrayna tərəfi planın “de-yure” deyil, “de-fakto” tanınma prinsipi əsasında torpaqlarının 20%-dən imtina etməyə hazır ola bilər.
Qeyd edək ki, ABŞ və Rusiya arasında gərgin münasibətlərə baxmayaraq, tərəflər arasında diplomatik kanallar vasitəsilə əlaqələr davam etdirilir. Trampın planının rəsmi şəkildə açıqlanıb-açıqlanmayacağı isə hələlik sual altındadır.
Gülbəniz Səfərova