Türkiyədə 23 Aprel Milli Suverenlik bayramında 105 uşaq 105 metr uzunluğunda bayraq açdı
Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılışının 105-ci ildönümü və 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Şırnakın Silopi rayonunda möhtəşəm tədbir təşkil olunub.
Patrulaz.az “Anadolu Ajansı”na istinadən xəbər verir ki, Cudi dağının zirvəsində 105 uşaq 105 metr uzunluğundakı Türkiyə bayrağını açaraq Şəhidlər Anıtına yürüş ediblər.
Silopi İlçe Valiliyinin təşkilatçılığı ilə keçirilən tədbir şəhidlərin ruhuna ehtiramla başlayıb. Uşaqlar bir dəqiqəlik sükutla şəhidləri yad edib, ardınca Dövlət Himni səsləndirilib. Tədbirin davamında isə müəllimlərin və əsgərlərin dəstəyi ilə 105 ədəd aypara və ulduz simvolu daşıyan uçurtma göyə buraxılıb.
Silopi rayon valisi Cihat Koç tədbirlə bağlı jurnalistlərə açıqlamasında, “Şəhidlərimiz və qazilərimiz üçün dualar oxundu. 105 uşaqla birlikdə 105 metrlik bayrağımızı açaraq Cudi dağından bütün Türkiyəyə Milli Mübarizənin ruhunu yaşatdıq. Bu ölkənin qurulmasında əməyi keçən hər kəsə minnətdarıq”,-deyə o, bildirib.
Tədbirdə iştirak edən şagirdlər də duyğularını bölüşüblər. Tələbələrdən Ecrin Tuncer yürüşün çox təsirli keçdiyini deyib. Mikayıl Bayar isə qeyd edib: “Əgər bu torpaqlarda azad yaşaya biliriksə, bu Ulu Öndər Mustafa Kamal Atatürkün sayəsindədir”.
Qeyd edək ki, tədbirdə Silopi Respublika Baş prokuroru Məhəmməd Ensar Bulutoğlu, Jandarma Polkovnik Özgür Kılıç, Təhlükəsizlik Müdiri Kamil Aydın, Milli Təhsil Müdiri Murat Bilen, müəllimlər və valideynlər də iştirak ediblər. Bayraq yürüşü və uçurtma aksiyası uşaqların milli ruh və vətən sevgisini bir daha ortaya qoyub.
Gülbəniz Səfərova