media-inshot_20250806_161916870

Yay mövsümü, günəşli günlər, istirahət planları, daha açıq geyimlər və bol makiyajla şəkil çəkdirmə arzusu… Bəzilərimiz üçün yay demək, parlaq dodaqlar, qüsursuz dəri effekti və bronz ten deməkdir. Ancaq parıltılı görünmək üçün çəkilən hər qat pudra, hər lay tonal krem dəridə səssiz bir fırtına qopara bilər. Yayda makiyaj etmək sadəcə estetik məsələ deyil – bəzən bu, dərinin nəfəs alma haqqını əlindən almaq deməkdir.

Bəs yayda makiyaj dərini necə zədələyə bilər?

Patrulaz.az mövzu ilə bağlı araşdırma edib.

İsti hava, artan rütubət və günəş şüaları dərini təbii olaraq daha həssas və açıq vəziyyətə gətirir. Bu zaman üz dərisi tər və yağ ifrazını artıraraq özünü balansda saxlamağa çalışır. Amma sən dərini bir neçə qat makiyaj məhsulu ilə örtəndə, bu balansı pozmuş olursan. Dəri nəfəs ala bilmir, tər və yağ məsamələrdə qapanır, nəticədə sızanaqlar, qızartılar və allergik reaksiyalar qaçılmaz olur.

Makiyajın əsas silahı olan tonal krem, xüsusilə yayda dəri üçün ciddi təhlükə yarada bilər. Gün ərzində günəş şüaları ilə təmasda olan bu məhsullar oksidləşərək dəridə pigment ləkələrinin yaranmasına səbəb ola bilər. Əlavə olaraq, bəzi makiyaj vasitələri günəşlə təmasda olduqda dəriyə kimyəvi zərbə vurur, yəni sən üzündə sadəcə kosmetik bir vasitə deyil, potensial bir gizli zərər mənbəyi gəzdirirsən.

Bəzən makiyaj altında istifadə edilən günəş qoruyucu kremlər də makiyaj məhsulları ilə kimyəvi reaksiyaya girə bilər. Əgər tərkiblərində uyğunluq yoxdursa, bu qarşılıqlı təsir dəriyə zərər verə bilər. Dəri narahatlığını ifadə edə bilməz, amma qızarması, qaşınması, qabarıqlığı sanki səssiz bir kömək çağırışıdır.

Daha bir təhlükə isə yayda makiyajın uzun müddət üzdə qalmasıdır. Bəzən gün boyu açıq havada, günəş altında qalırıq, tərləyirik, amma makiyajımızı təzələmək və ya silmək yerinə daha çox məhsul çəkirik. Bu isə məsamələrin tamam bağlanması, dərinin “boğulması” və iltihabi reaksiyaların yaranması üçün ideal zəmin yaradır. Dermatoloqlar yayda dərinin minimum yüklənməsini tövsiyə edir, amma sosial media filtrli ideal üzlərə alışdığımız üçün biz, təəssüf ki, təbii gözəllikdən uzaqlaşmağa davam edirik.

Bəs nə etməli?

Yayda gözəl görünmək uğrunda dərini qurban vermək şərtdirmi? Əsla yox. Gözəllik, sağlamlıqla bərabər olanda daha dəyərlidir. Yayda ağır və örtücü makiyajdan uzaq durmaq, yüngül və nəfəs ala bilən məhsullara üstünlük vermək, makiyajsız günlərə şans tanımaq, dərini təmiz saxlamaq və bol su içmək həm gözəlliyi qoruyur, həm də dərini yükləmir.

Unutmamalıyıq ki, hər dodaq boyası bir cazibə vədi verə bilər, amma dərinin səssiz çığırtısını eşitmək də bizim məsuliyyətimizdir.

Ləman Sərraf


Bənzər xəbərlər