“Kağız təhsilindən məlumat əsaslı təhsil modelinə keçid şəffaflığı artırır" - TİHA sədri
Bakıda təhsil sahəsində yeni bir mərhələyə start verildi. İlk dəfə olaraq eksternat imtahanları ənənəvi kağız daşıyıcılardan kənara çıxaraq elektron formatda təşkil olundu. Rəqəmsallaşma prosesinin sürətləndiyi bir dövrdə tətbiq edilən bu yenilik həm imtahan prosesinin təşkili, həm də iştirakçıların qiymətləndirilməsi baxımından diqqət çəkdi. Təhsil ictimaiyyəti üçün maraq doğuran bu təcrübə eyni zamanda gələcəkdə digər imtahan modellərinə də təsir göstərə biləcək potensial kimi dəyərləndirilir.
Bəs Bakıda ilk dəfə elektron formatda keçirilən eksternat imtahanları hansı yenilikləri gətirdi və bu təcrübə mütəxəssislər tərəfindən necə qiymətləndirildi?
Bu barədə Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Patrul.az-a açıqlamasında bildirib ki, elektron formatda keçirilən imtahanlar təhsildə şəffaflıq, obyektivlik və müasir keyfiyyət standartlarına keçidi təmin edir:
“Bakıda eksternat imtahanlarının ilk dəfə elektron formatda təşkil edilməsi, əslində, Azərbaycan təhsil sistemində uzun müddətdir gözlənilən rəqəmsal transformasiyanın ən uğurlu və praktik təzahürlərindən biridir. Qeyd etməliyəm ki, bu yenilik sadəcə imtahanın texniki formasının dəyişməsi deyil, həm də təhsildə bərabərlik, şəffaflıq və müasir keyfiyyət standartlarına keçid deməkdir.Ənənəvi imtahan metodlarından fərqli olaraq, elektron format insan amilini minimuma endirərək qiymətləndirmənin tamamilə obyektiv meyarlar əsasında aparılmasına imkan yaradır. Bu, həm valideynlərin, həm də şagirdlərin imtahan nəticələrinə olan inamını əhəmiyyətli dərəcədə artırır. Digər tərəfdən, biz XXI əsr bacarıqlarından danışırıqsa, gənclərin öz biliklərini rəqəmsal platformalarda nümayiş etdirməsi onların müasir dünyaya adaptasiyasının bir göstəricisidir”.
Mütəxəssis həmçinin qeyd edib ki, “kağız təhsili”ndən “məlumat əsaslı təhsil” modelinə keçid şagirdin bilik və bacarıqlarının obyektiv ölçülməsini təmin edir və təhsilin beynəlxalq standartlara inteqrasiyasını sürətləndirir:
“Elektron sistemin tətbiqi həm də zamanın idarə olunması baxımından inqilabi addımdır. İmtahan bitən an nəticələrin sürətlə emal edilməsi və subyektiv xətaların aradan qalxması prosesin çevikliyini təmin edir. Hesab edirəm ki, Bakıdakı bu ilk təcrübə təkcə eksternat imtahanları üçün deyil, gələcəkdə digər qiymətləndirmə mərhələləri üçün də bir model rolunu oynayacaq.Biz artıq ‘kağız təhsili’ndən ‘məlumat əsaslı təhsil’ modelinə keçirik və bu keçid təhsilin idarə olunmasında idarəetmə yükünü azaldaraq diqqəti əsas hədəfə – şagirdin real bilik və bacarıqlarının ölçülməsinə yönəldir. Bu yenilik, şübhəsiz ki, təhsilimizin beynəlxalq standartlara inteqrasiyasını sürətləndirən müsbət bir addımdır.”
Cəmilə Cəfərzadə






