media-inshot_20260428_202638949

Marketlərdə “kənd məhsulu” adı ilə təqdim olunan ərzaqlara maraq son illərdə nəzərəçarpacaq dərəcədə artıb. İnsanlar sağlam qidalanmaya daha çox önəm verdikcə təbii, kimyəvi qatqılardan uzaq və birbaşa istehsalçıdan gəldiyi iddia edilən məhsullara üstünlük verirlər. Bu səbəbdən də rəflərdə “kənddən gələn”, “təbii”, “yerli istehsal” kimi etiketlərlə satılan məhsullar alıcıların diqqətini daha çox cəlb edir.

Bəs marketlərdə “kənd məhsulu” adı ilə satılan məhsulların həqiqiliyini necə ayırd etmək olar?

Patrul.az mövzu ilə bağlı sağlam qida təbliğatçısı Asim Vəliyevə müraciət edib.

O bildirib ki, son illər istehlakçıların təbii və sağlam qidalara artan meyilliliyi süni şəkildə işbazlar tərəfindən istismar edlir:

“Şəhər həyatının süni qidalarından uzaq durmaq istəyən istehlakçılar market rəflərində üzərində kənd məhsulu, ya ev qatığı yazılmış qablaşdırmalara daha çox meyl edirlər. Amma deyə bilərəm ki, bu ifadələrin əksəriyyəti qanuni bir təminat deyil. Sadəcə peşəkarca hazırlanmış vizual marketinq hiyləsidir.

Çoxumuz elə bilirik ki, məhsulun üzərinə “kənd” sözü yazılıbsa, bu onun daha keyfiyyətli olması deməkdir. Əslində isə ölkəmizin qida qanunvericiliyində və beynəlxalq standartlarda belə bir hüquqi termin yoxdur. Sadəcə istehlakçının psixologiyasına yönəlik bir istismar alətdir”.

Mütəxəssis, həqiqi keyfiyyət fərqinin orqanik sertifikatı olan məhsullarda olduğunu qeyd edib:

“Bu sertifikat o deməkdir ki, məhsulun toxumundan tutmuş, suvarıldığı suya, torpağından süfrənizə qədər hər bir mərhələdə kimyəvi gübrə, zərərli pestisidlər və GMO-dan istifadə edilməyib. Eyni zamanda, Quba alması, ya Gədəbəy kartofu kimi coğrafi göstəricili nişanlar həmin məhsulun məhz o regionun özünəməxsus iqlimində yetişdirildiyini təsdiqləyir.

İstehlakçı olaraq çox vaxt marketlərdə açıq şəkildə qablaşdırılmadan satılan süd, pendir və ya ət məhsullarını daha təbii hesab edirik. Amma mikrobioloji baxımdan ən böyük risk zonasıdır. Pasterizə olunmamış süd məhsulları 5°C-dən yuxarı temperaturlarda cəmi bir neçə saat qaldıqda, daxilində sürətlə patogen bakteriyalar istehsal etməyə başlayır. Soyuq zəncir pozulmuş bir məhsul nə qədər kənd məhsulu olsa da, qida zəhərlənmələri üçün birbaşa mənbədir”.

media-inshot_20260428_202453135

Müsahibimiz xəbərdarlıq edib ki, qida etiketi oxumaq vərdişimiz olmalıdır:

“Əgər təbii kənd qatınının tərkibində kraxmal, stabilizator, ya süd tozu qeyd olunubsa, o kənd məhsulu deyil. Sənaye üsulu ilə hazırlanmış qidadır. Etiketdə böyük bir sənaye zavodunun ünvanı yazılıbsa, bu sadəcə kənd üslublu zavod məhsuludur. Həqiqi kənd məhsulunda adətən kiçik fermer təsərrüfatının, ya kooperativin adı qeyd olunur.

Təbii ağartı məhsulları aylarla xarab olmadan qala bilmir. Uzun saxlama müddəti hər zaman yüksək termik emalın, konservantların göstəricisidir. Məhsulun rəngi, qoxusu və dadı təbiilik barədə ilkin əlamətlərdir. Amma laboratoriya analizi olmadan kənd yumurtasının sarısının rənginə tam güvənmək olmaz”.

“Saxtakarlığın qarşısını almaq üçün rəqəmsal həllərin tətbiqi vacibdir. Hər bir kənd məhsulunun etiketində QR-kod sistemi olmalıdır. Bu kod vasitəsilə istehlakçı məhsulun hansı fermadan, hansı tarixdə gəldiyini telefonunda görə bilməlidir. Yalnız ciddi şəkildə sertifikatlaşdırılmış orqanik istehsalçılara təbii terminindən istifadə icazəsi verilməlidir.

Dövlət nəzarəti mexanizmləri nə qədər effektiv işləsə də, ən güclü müdafiə sistemi məlumatlı istehlakçıdır. Təbii adı altında satılan hər məhsul sağlamlıq vəd etmir”, – deyə o əlavə edib.

Ləman Sərraf


Bənzər xəbərlər