media-inshot_20250822_220320071

Bakıda keratin proseduru qadının sağlamlığını təhlükəyə atıb. Paytaxt sakini gözəllik salonunda keratin proseduru etdirdikdən sonra ciddi allergik reaksiya ilə üzləşib. Vətəndaşın sözlərinə görə, prosedurdan sonra dərisi şişib və səpgilər yaranıb.

Dəfələrlə fəsadları ilə qarşılaşdığımız gözəllik vasitələrindən biri olan keratin barədə Patrulaz.az araşdırma edib.

Son illərdə saç düzləşdirilməsi və parlaqlıq üçün ən çox müraciət edilən üsullardan biri keratin prosedurudur. Bu üsul saçlara müvəqqəti hamar və parlaq görünüş versə də, onun arxasında sağlamlıq üçün bəzi təhlükələr gizlənir.

Bir çox keratin məhsulunun tərkibində formaldehid və ya formaldehid buraxan kimyəvi maddələr olur. Bu maddə yüksək temperatur altında aktivləşərək saçları düzləşdirir, amma eyni zamanda sağlamlığa ciddi təsirlər göstərə bilir. Məsələn:

Tənəffüs problemləri: Kimyəvi buxarların nəfəsə çəkilməsi öskürək, boğazda yanma, göz sulanması və hətta astma hücumlarına səbəb ola bilər.

Allergik reaksiyalar: Dəridə qaşınma, səpgilər və həssaslıq müşahidə oluna bilər.

Saç və dırnaq köklərinə zərər: Uzunmüddətli istifadədə saç tellərinin kövrəkləşməsi, tez sınması və hətta tökülməsi mümkündür.

Xərçəng riski: Formaldehidin uzun müddətə təsiri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən potensial xərçəng yaradan maddə kimi qiymətləndirilir.

Əgər kiminsə saçlarına keratin tətbiq etmək arzusu varsa, mütləq formaldehidsiz məhsulları seçmək, proseduru yaxşı havalandırılan məkanda etdirmək və çox tez-tez təkrarlamamaq tövsiyə olunur.

Yəni keratin gözəl saç effekti versə də, sağlamlıq baxımından ciddi riskləri də unudulmamalıdır.

Ləman Sərraf


Bənzər xəbərlər