media-inshot_20260519_170103072

Son dövrlər kiberdələduzluq hallarında yeni üsullar geniş yayılıb. Dələduzlar özlərini polis əməkdaşı, dövlət qurumu və ya rəsmi qurum nümayəndəsi kimi təqdim edərək vətəndaşlara “3 saat ərzində cərimənizi ödəyin”, “barənizdə icraat başlanıb” kimi məzmunlu SMS və mesajlar göndərirlər. Mesajlarda yer alan saxta linklər vasitəsilə isə şəxsi məlumatların və bank kartı məlumatlarının ələ keçirilməsi hədəflənir. Mütəxəssislər bildirirlər ki, bu cür hallarda panikaya düşmək və linklərə daxil olmaq ciddi maliyyə itkilərinə səbəb ola bilər.

Bəs vətəndaşlar polis adından göndərilən saxta mesajları necə ayırd etməli, belə kiberdələduzluq hallarından qorunmaq üçün hansı addımları atmalıdır?

Bu barədə kibertəhlükəsizlik üzrə mütəxəssis Zaur Qasimov Patrul.az-a öz fikirlərini bölüşüb.

Onun sözlərinə görə, məqsəd insanları qorxudub saxta linkə yönləndirməkdir, buna görə linkə daxil olmaq və kart məlumatlarını paylaşmaq olmaz:

“Bu tip mesajlarda əsas məqsəd insanı qorxutmaq və tələsdirərək linkə daxil etməyə məcbur etməkdir. Ona görə də belə mesaj gələndə linkə klik etməmək, kart məlumatlarını daxil etməmək və cərimə məlumatını yalnız rəsmi dövlət portalları üzərindən yoxlamaq lazımdır”.

Z.Qasimov qeyd edir ki, “Təcili ödə” kimi ifadələr şübhə siqnalıdır, belə halda linkə daxil olmaq olmaz, kart məlumatı paylaşılıbsa dərhal bankla əlaqə saxlanılıb kart bloklanmalıdır:

“Xüsusilə “təcili ödə”, “vaxt bitir”, “əks halda problem olacaq” kimi ifadələr varsa, bu artıq ciddi şübhə siqnalıdır.

Əgər kimsə belə linkə kart məlumatlarını daxil edibsə, dərhal bankla əlaqə saxlayıb kartı bloklatmalıdır”.

media-img-20260519-wa0013

Mütəxəssis qeyd edir ki, kiberdələduzlar əsasən insanların təşviş və tələskənliyindən istifadə edirlər:

“Ümumilikdə ən vacib məqam budur ki, dövlət qurumu adından mesaj gəlsə belə, linkə dərhal inanmaq olmaz. Əvvəl rəsmi mənbədən yoxlamaq lazımdır. Çünki bu cür hücumlarda əsas məqsəd texniki boşluqdan yox, insanın tələsməsindən istifadə etməkdir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər