media-inshot_20250804_201402687

Hər gün daha ağıllı cihazlarla əhatələnirik. Bəs bu cihazlar bizim xidmətimizdədir, yoxsa biz onların?

Patrulaz.az mövzu ilə bağlı araşdırma edib.

Deyirlər, texnologiya insana azadlıq gətirir. Uzun məsafələri bir kliklə keçmək, saatlarla çəkən işləri saniyələr içində yerinə yetirmək, evdən çıxmadan dünyanın istənilən nöqtəsi ilə əlaqəyə keçmək – bütün bunlar əvvəllər yalnız fantastik filmlərdə mümkün görünürdü. Amma indi, cibimizdəki smartfondan tutmuş, ətrafımızı idarə edən süni intellektə qədər hər şey bizim əvəzimizə düşünür, qərar verir, yönləndirir. Bəs bu nədir: azadlıqmı, yoxsa görünməyən nəzarət forması?

Texnologiya – əvvəlcə rahatlıq, sonra vərdiş, axırda nəzarət

Texnologiyanın həyatımıza daxil olma prosesi adətən “rahatlıq və effektivlik” adı altında başlayır. Mobil bankçılıq, onlayn alış-veriş, GPS naviqasiya, təklif sistemləri, smart ev texnologiyaları – bunlar gündəlik həyatımızı asanlaşdırır. Amma bir detal var: texnologiya yalnız biz istədikdə işləyən bir alət olmaqdan çıxıb, artıq bizim əvəzimizə seçim edən bir sistemə çevrilir.

Yaxşı, onda biz texnologiyadan istifadə edirik, yoxsa texnologiya bizdən istifadə edir?

Kim seçir: sən, yoxsa alqoritm?

“Spotify” nə dinləmək istədiyini bilir. “Netflix” nə izləyəcəyini təklif edir. “Amazon” sənin nə almaq istəyəcəyini əvvəlcədən təxmin edir. “Instagram” isə sənin nə qədər qalacağını hesablayır. Seçim illüziyası içindəyik: bizə elə gəlir ki, biz qərar veririk, amma əslində “bəyənə biləcəyimiz” variantlar onsuz da əvvəlcədən süzgəcdən keçib qarşımıza çıxarılır. Yəni sən sanki bir menyudan seçirsən, amma menyunu hazırlayan sən deyilsən.

Davamlı əlaqədə olmaq – yeni məcburiyyət forması

“Always connected” (həmişə əlaqədə olmaq) şüarı bir zamanlar texnologiyanın üstünlüyü sayılırdı. İndi isə bu psixoloji yüklənmənin, diqqət dağınıqlığının və tükənmişliyin əsas səbəblərindən biridir. “WhatsApp” mesajlarına gec cavab vermək, iş e-maillərini gecikdirmək, sosial şəbəkədə aktiv olmamaq artıq qeyri-peşəkarlıq və laqeydlik kimi qəbul edilir. Bu da davamlı mövcudluq təzyiqi yaradır.

Hətta texnologiyadan uzaqlaşmaq belə “təhlükəli” hiss olunur. “Offline” olmaq artıq bir cür məhrumiyyət və sosial təcrid kimi qəbul edilir.

Özümüz haqqında nə qədər “özümüz” bilirik?

Texnologiya yalnız bizim xarici fəaliyyətimizi deyil, daxili aləmimizi də qeydə alır. Hansı musiqiyə daha çox qulaq asırsan, hansı tip videoları dayandırmadan izləyirsən, harada dayanırsan, nəyi bəyənirsən, neçə saniyəlik baxırsan – bunların hamısı dijital “mən”ini formalaşdırır. Sən texnologiyaya “məlumat” verirsən, texnologiya isə sənin portretini çəkir.

Bəs bu portret real sənmisən? Yoxsa texnologiyanın sənə göstərmək istədiyi, təklif etmək istədiyi versiya?

Texnologiyanın etikası: Nə qədər insan qalmaq istəyirik?

Əsas problem təkcə rahatlıq və nəzarət məsələsi deyil. Daha dərin bir sual var: biz gələcəkdə necə bir insan olmaq istəyirik? Hər şeyi avtomatlaşdıran, hər qərarı texnologiyaya həvalə edən, hislərini ölçülə bilən dataya çevirən bir növ olmaq istəyirik?

Yoxsa texnologiyanı alət kimi istifadə edib müstəqil qərar və şüurlu təcrübə ilə yaşamaq istəyirik?

Əgər texnologiya gücdürsə, güc balansını kim saxlayır?

Texnologiyanın öz-özünə nə azadlıq gətirmək, nə də əsarət qurmaq gücü var. Texnologiyanın hansı məqsədlə və necə istifadə olunması onu azadlıq və ya nəzarət vasitəsinə çevirir.

Texnologiya bizi azad edə bilər – əgər biz də özümüzü texnologiyaya təslim etməsək.

Ləman Sərraf


Bənzər xəbərlər