media-inshot_20260114_131054071

Son dövrlərdə sosial şəbəkələrdə saxta profillərdən istifadə etməklə digər şəxslərin təhqir olunması halları artmaqdadır. Xüsusilə anonimlikdən yararlanan bəzi istifadəçilər fərdi şəxslərin şərəf və ləyaqətinə xələl gətirən ifadələr paylaşır, böhtan xarakterli fikirlər səsləndirir. Bu cür hallar cəmiyyətdə ciddi narahatlıq doğurur və zərərçəkənlərin hüquqlarının necə qorunduğu məsələsini gündəmə gətirir. Azərbaycan qanunvericiliyində şərəf və ləyaqətin qorunması, eləcə də internet mühitində törədilən hüquq pozuntuları ilə bağlı mexanizmlər mövcuddur.

Bəs saxta profildən başqasını təhqir edən şəxslər hansı hallarda cəzalandırılır və bu cür hallarla bağlı hüquqi məsuliyyətə cəlb etmək mümkündürmü?

Bu barədə vəkil Roman Qaraşov Patrul.az-a açıqlamasında bildirib ki, saxta profil vasitəsilə sosial şəbəkələrdə təhqir və ya böhtan atmaq Azərbaycan qanunvericiliyinə görə cinayət sayılır və cərimə, ictimai işlər, islah işləri və hətta azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər:

“Saxta profildən istifadə etməklə başqasını təhqir etmə və ya böhtan atma Azərbaycan qanunvericiliyində artıq ayrıca və konkret cinayət tərkibi kimi tanınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-1-ci maddəsinə əsasən, internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə saxta istifadəçi adı, profil və ya hesab vasitəsilə kütləvi nümayiş etdirməklə böhtan atma və ya təhqir etmə əməlinə görə hüquqi məsuliyyət nəzərdə tutulur. Qanuna görə bu cür əməllər min manatdan iki min manatadək cərimə, 360–480 saat ictimai işlər, iki ilədək islah işləri və ya bir ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər. Maddənin qeyd hissəsində “saxta profil” anlayışı da dəqiqləşdirilir: istifadəçinin şəxsiyyətini müəyyən etməyə imkan verməyən, yalan və ya gizlədilmiş ad-soyad məlumatları ilə yaradılan, yaxud başqa şəxsə aid məlumatlardan onun razılığı olmadan istifadə edilən hesablar bu kateqoriyaya daxildir. Praktik baxımdan bu o deməkdir ki, anonimlik hüquqi məsuliyyətdən yayınma vasitəsi hesab edilmir və texniki üsullarla (IP ünvanı, platforma məlumatları və s.) şəxsin müəyyən edilməsi mümkün olduqda, həmin şəxs cinayət məsuliyyətinə cəlb oluna bilər”.

media-inshot_20260114_130314787

Vəkilin sözlərinə görə, bfeynəlxalq yanaşmalara görə onlayn anonimlik mütləq deyil və saxta hesablarla təhqir və böhtan atan şəxslər məhkəmə yolu ilə müəyyən edilərək məsuliyyətə cəlb oluna bilirlər:

“Beynəlxalq təcrübədə də saxta hesablar vasitəsilə təhqir və böhtan f oxşar yanaşma mövcuddur. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı presedent hüququna görə, ifadə azadlığı fundamental hüquq olsa da, bu azadlıq başqalarının şərəf və ləyaqətinə zərər vurmaq üçün sui-istifadə edilə bilməz və dövlətlər bu balansı qorumaq üçün effektiv hüquqi mexanizmlər yaratmaqda haqlıdırlar. Bir çox Avropa ölkələrində, eləcə də ABŞ və digər inkişaf etmiş hüquq sistemlərində onlayn anonimlik şərti xarakter daşıyır: məhkəmə qərarı olduqda sosial media platformaları istifadəçi məlumatlarını açıqlamalı və zərərçəkmiş şəxsin hüquqlarının bərpasına şərait yaratmalıdır. Bu baxımdan Azərbaycan təcrübəsi beynəlxalq yanaşmalara uyğun olaraq, rəqəmsal məkanda məsuliyyət prinsipini gücləndirir və göstərir ki, saxta profildən təhqir halları üzrə həm cinayət işi başlanması, həm də təqsirkar şəxsin real cəzaya məruz qalması hüquqi baxımdan mümkündür”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər