Kofeinə niyə ehtiyac duyuruq?
Səhərlər yuxudan duran kimi bir fincan qəhvə axtaran milyonlarla insan var. Bəziləri üçün bu sadəcə bir vərdişdir, digərləri üçün isə ayılmaq üçün zəruri bir vasitə.
Bəs niyə biz kofeinsiz günə başlamaqda çətinlik çəkirik? Bu maddə bədənimizdə nəyə səbəb olur və nə üçün ona bu qədər bağlanırıq?
Patrulaz.az bu sualların cavabını araşdırıb.
Beyindəki kimyəvi dəyişiklik: Adenozin və kofein savaşı
Kofeinin əsas rolu beyindəki adenozin reseptorlarını bloklamaqdır. Adenozin bədənin enerji sərf etdikcə yığdığı bir maddədir və yorğunluq hissi yaratmaqla beyni “artıq dincəlmək vaxtıdır” mesajı ilə xəbərdar edir. Kofein bu reseptorları tutaraq adenozinin təsirini azaldır və “süni” şəkildə oyaqlıq hissi yaradır.
Yəni əslində biz kofein qəbul edəndə yorğunluğu yox etmirik, sadəcə onu bir müddətlik gizlədirik.
Nə üçün hər gün daha çox kofein istəyirik?
Əvvəllər bir fincanla ayılan bədən, bir müddət sonra iki, üç fincan istəyir. Bu tolerantlıq deməkdir, yəni bədən kofeinə alışır və əvvəlki təsiri göstərmək üçün daha çox dozaya ehtiyac yaranır. Bu da tədricən asılılıq formalaşdırır. Əgər bir gün kofein qəbul etməsən, baş ağrısı, yorğunluq, konsentrasiya çətinliyi, əhval düşkünlüyü kimi simptomlar yarana bilər. Bu isə “kofeinsiz yaşaya bilmərəm” hissinə yol açar.
Kofein bizi necə aldadır?
Bəzən özümüzü çox məhsuldar, enerjili hiss edirik, halbuki bədən yorğundur, amma beyin “yuxuluyam” siqnalını qəbul edə bilmir. Bu aldadıcı məhsuldarlıq hissi uzun müddət davam edəndə xroniki yorğunluq, yuxu pozuntuları və əsəb gərginliyi ortaya çıxır.
Enerji üçün kofeindən başqa yol yoxdurmu?
Əlbəttə var. Əgər məqsəd daha enerjili olmaqdırsa, bunun üçün bəzi üsullar var:
-Keyfiyyətli yuxu (7-8 saatlıq dərin yuxu)
-Bol su içmək (bəzən yorğunluq sadəcə susuzluqdur)
-Fiziki aktivlik (5 dəqiqə gəzmək belə qan dövranını artırır)
-Zülallı və balanslı qidalanma
-Dərin nəfəs və qısa fasilələr – beynə oksigen çatdırmaq da enerjini artırır.
Bəs kofein istehlakını tam dayandırmalıyıq?
Xeyr, məqsəd onu həyatımızdan tamamilə silmək deyil. Əksinə, düzgün istifadəni öyrənmək lazımdır:
-Günün ilk yarısında qəbul etmək (axşam saatlarında içilən kofein yuxunu pozur),
-Gündə 200-400 mq arası (təxminən 2-3 fincan) ilə kifayətlənmək,
-Həftədə bir-iki gün kofeinsiz rejim saxlamaq, bədəni yükləmədən fayda əldə etməyə kömək edər.
Kofein doğru dozada qəbul edildikdə diqqəti artıran, enerjini stimullaşdıran faydalı bir vasitədir. Amma enerjinin əsas mənbəyi deyil. Əgər biz hər gün süni stimullaşmaya möhtac oluruqsa, deməli bədənimizin bizə verdiyi əsl siqnalları görməzdən gəlirik.
Ləman Sərraf






