Köhnə 100 manatlıq əsginasların aqibəti necə olacaq? - AÇIQLAMA
Azərbaycanda tədavülə yeni dizaynlı pul nişanlarının buraxılması müzakirələri artırıb.
Bəs köhnə 100 manatlıq əsginasların dövriyyədə aqibəti necə olacaq və bu dəyişiklik nağd pul dövriyyəsinə, eləcə də ümumi iqtisadi mühitə hansı təsirləri göstərə bilər?
Mövzu barədə Patrul.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli qeyd edib ki, Azərbaycanda yeni dizaynlı pul nişanlarının dövriyyəyə buraxılması adətən köhnə əsginasların dərhal ləğvi demək olmur:
“Mərkəzi bank belə hallarda paralel dövriyyə siyasəti tətbiq edir. Bu o deməkdir ki, köhnə 100 manatlıq əsginaslar müəyyən müddət ərzində yeni pullarla birlikdə istifadə olunmağa davam edir. Vaxt keçdikcə köhnə əsginaslar banklar vasitəsilə yığılır və tədricən dövriyyədən çıxarılır. Bu proses adətən sakit və mərhələli şəkildə həyata keçirilir ki, bazarda çaşqınlıq və ya nağd pul çatışmazlığı yaranmasın”.

İqtisadçı, belə dəyişikliklərin əsas məqsədinin təhlükəsizlik səviyyəsini artırmaq, saxtakarlığın qarşısını almaq və pul nişanlarının fiziki keyfiyyətini yaxşılaşdırmaq olduğunu söyləyib:
“Yeni dizaynlı əsginaslar adətən daha müasir qoruyucu elementlərlə təchiz olunur və daha uzunömürlü olur.
Nağd pul dövriyyəsinə təsir baxımından qısa müddətdə müəyyən psixoloji və texniki dəyişikliklər müşahidə oluna bilər. Məsələn, insanlar köhnə pulları tez xərcləməyə və ya banka yerləşdirməyə meylli ola bilər. Ticarət obyektləri və bankomatlar isə yeni əsginaslara uyğunlaşmaq üçün texniki yeniləmələr edə bilər. Amma ümumi dövriyyə həcmi və likvidlik səviyyəsi adətən dəyişmir, çünki pul kütləsi eyni qalır.
İqtisadi mühitə təsir isə daha çox dolayı xarakter daşıyır. Əgər dəyişiklik yaxşı idarə olunarsa, iqtisadi sabitliyə mənfi təsir göstərmir. Əksinə, pul sisteminə etimadı gücləndirə bilər. Yalnız kommunikasiya zəif olarsa və ya əhali arasında yanlış məlumat yayılarsa, qısa müddətli narahatlıqlar yarana bilər”.
“Ümumiyyətlə isə bu cür addımlar monetar siyasətin texniki yenilənməsi kimi qiymətləndirilir və uzunmüddətli makroiqtisadi göstəricilərə ciddi təsir etmir”,– deyə o əlavə edib.
Ləman Sərraf






