media-inshot_20251205_232437005

Köpək sahibləri tez-tez deyirlər ki, bu heyvanlar onları başqalarından daha yaxşı anlayır. Kədər, həyəcan və ya sadəcə qucaqlanmaq ehtiyacı – hər şeyə bir baxışla reaksiya verirlər. Bəs siz öz itinizin davranışını nə qədər düzgün oxuya bilirsiniz? Balanızın qəribə vərdişləri sizi çaşdırırsa, diqqətiniz bizdə olsun.

Patrul.az olaraq dördayaqlı dostların beyninə “səyahət” edərək onların ən sirli davranışlarının mənasını araşdırdıq.

Niyə itlər gözünüzün içinə baxır?

İt və sahibi arasında qurulan ən güclü bağlardan biri göz təmasıdır. Bu baxış sevgi, güvən və qarşılıqlı bağlılığın ən təmiz ifadəsidir.

Əgər itiniz uzun müddət gözlərinizi izləyirsə, demək, sizə olan sevgisi qeyd-şərtsizdir. Bir sözlə, onlar bunu sözlə yox, baxışla deyirlər.

Bəs itləriniz niyə xırıldayır?

Bəzən itlər aşağı səslə hürür və ya xırıldayır. Çoxları bunu aqressiya kimi qəbul edir, amma əksər hallarda bu, qorxu və narahatlığın əlamətidir.

Bu zaman ən doğru addım sakitlik, mülayim davranış və özünü təhlükədə hiss etməməsinə kömək etməkdir. Kəskin hərəkətlər isə vəziyyəti gərginləşdirə bilər. Bəzi itlər qucağa alınmaqdan zövq alır: pəncələri ilə istək göstərir, hürür, sizə tərəf tullanar. Amma digərləri üçün qucaqlanmaq məhdudiyyət və narahatlıq hissi yaradır. Burada əsas qayda: bədən dilini oxumaqdır. İt qıvrılırsa, çırpınırsa, uzaqlaşmağa çalışırsa, deməli, məkanına hörmət göstərmək lazımdır.

Niyə itlər sizi hər yerə, hətta vanna otağına qədər izləyir?

“İtimin arxamca hər yerə düşməsi nədən irəli gəlir?” sualını çoxları verir. Cavab sadədir: İtlər paxet heyvanlarıdır və öz “liderinin” yanında olduqda özlərini təhlükəsiz hiss edirlər. Hətta ən şəxsi məkanlar belə onlar üçün problem deyil. Üstəlik, siz bunu üstün görməsəniz də, əvvəllər bu davranışı hiss etmədən mükafatlandırmağınız vərdişi daha da möhkəmləndirib.

Niyə itlər dişləməyi sevir?

Dişləmək heç vaxt səbəbsiz olmur.

Əsas səbəblər:

– Qorxu və təlaş,

-Qəfil sürprizlər;

– Özünü və ailəsini qoruma instinkti;

-Ağrı.

İtlər adətən əvvəlcədən xəbərdarlıq edirlər: hönkürmə, geri çəkilmə, hürmə – bunlara fikir vermək dişləmənin qarşısını alır.

Niyə itlər dayanmadan yeri qazırlar?

Bu davranışın kökləri dərin təkamül instinktinə gedib çıxır. Bir çox cinslər ov üçün yetişdirilib və yırtıcını çıxarmaq üçün qazmaq onların genetik yaddaşında qalıb. Amma bu, tək səbəb deyil. İtlər sərinləmək, isti olmaq, rahat yuva yaratmaq, sıxıntıdan çıxmaq üçün də qazırlar.

Niyə itlər sahiblərini yalamağı xoşlayır?

İtlər yalayırsa, bu çox zaman sevgidir. Amma bəzən onlar bədəninizdə nəsə dəyişdiyini hiss edir. Araşdırmalar göstərib ki, itlər diabet, xərçəng kimi xəstəliklərin kimyəvi izlərini qoxu ilə sezə bilirlər. Əgər itiniz bir nahiyəni inadla yalayırsa, diqqət yetirməkdə fayda var.

Niyə itlər insanı davamlı nəyisə iyləyir?

İtlər inanılmaz dərəcədə güclü qoxu duyğusuna malikdirlər. Onlar bədəninizdəki ən kiçik kimyəvi dəyişiklikləri belə hiss edə bilirlər. Bəzən bu, sadəcə maraqdır, bəzən isə hələ özünüz hiss etmədən xəstəlik əlamətlərini qoxulayırlar. Bu, it-insan əlaqəsinin ən heyrətamiz tərəflərindən biridir.

Niyə itlər sümükləri basdırır?

Bəzi itlər sümükləri dərhal çeynəmək əvəzinə basdırır. Bu, onların vəhşi əcdadlarından miras qalmış sağ qalma instinktidir. Qida qorunmalı, gizlədilməli və ehtiyac yarananda yenidən çıxarılmalıdır – itlərin beynində bu mexanizm hələ də aktivdir.

İtlər sevgi və sadiqliyi müxtəlif yollarla ifadə edir. Ən maraqlılarından biri isə sahiblərinə “hədiyyə” gətirməkdir. Bu, biri-biri ilə qida paylaşan və “paket” üzvlərini sevən vəhşi instinktin davamıdır. Hədiyyə bəzən çeynənmiş başmaq, bəzən isə daha xoşagəlməz bir şey olur, amma niyyət həmişə safdır.

İtlər sadəcə ev heyvanı deyil, onlar duyğuları dərin hiss edən, insanla xüsusi bağ quran və çox vaxt bizdən daha çox bizi anlayan canlılardır. Onların qəribə görünən davranışları əslində duyğu və instinktlərlə dolu böyük bir dünyanı əks etdirir. Tüklü dostunuzun hərəkətləri anlaşılmaz görünəndə, unutmayın: O, sizinlə danışır, sadəcə öz dilində…


Bənzər xəbərlər