Kosmosda Günəşdən də böyük qara dəlik yaranıb?
Alimlər kainatda indiyə qədər qeydə alınan ən böyük qara dəliyin iki superkütləli qara dəliyin toqquşması nəticəsində formalaşdığını açıqlayıblar.
Patrulaz.az “Yahoo”ya istinadla xəbər verir ki, 10 milyard işıq ili uzaqlıqda baş verən bu toqquşma zamanı hər biri Günəşin kütləsindən 103 və 137 dəfə böyük olan qara dəliklər birləşərək tək, nəhəng bir obyektə çevrilib. Nəticədə yaranan qara dəliyin ümumi kütləsi Günəşdən 265 dəfə çox olub.
Tədqiqatçılar bu hadisəni qravitasiya dalğaları vasitəsilə qeydə alıblar. Bu dalğaların təhlili göstərib ki, qara dəliklər Yerdən 400.000 dəfə daha sürətlə fırlanır.
“Bu, qravitasiya dalğaları vasitəsilə müşahidə edilən ən yüksək kütləli qara dəlik birləşməsidir”,- deyə tədqiqatçılar vurğulayıblar.
Qeyd edək ki, alimlər bu günə qədər qravitasiya siqnalları ilə 300 qara dəlik toqquşması qeydə alıblar. Əvvəlki rekord qara dəlik birləşməsi Günəşdən 140 dəfə böyük kütləyə malik idi. Yeni müşahidə bu nəticəni iki dəfə üstələyib.






