media-inshot_20250722_115215896

İçməli su xəttindən verilən suyun qeyri-adi dadı və bəzi hallarda istifadəyə yararsız olması vətəndaşlar arasında narazılığa səbəb olur. Müxtəlif bölgələrdə şəbəkə suyunun bulanıq, xoşagəlməz qoxulu olduğu bildirilir. Belə suyun istifadəsi zamanı boğazda qıcıqlanma və quruluq yaranır.

Bəs bu halın səbəbi nədir və belə vəziyyətlərdə hansı tədbirlər görülməlidir?

Mövzu ilə bağlı fikirlərini Patrulaz.az-a bölüşən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın sədri Amin Məmmədov bildirib ki, ümumiyyətlə içməli su xəttindən verilən çiy suyun birbaşa istifadəsi məsləhət deyil.

Onun sözlərinə görə, suyun tərkibindəki mümkün çirklənmələr insan orqanizminə mənfi təsir göstərə bilər. Bu səbəbdən də o, şəbəkə suyunun mütləq qaynadıldıqdan sonra içilməsini tövsiyə edir:

media-inshot_20250722_114635290

“Krantdan və evlərə verilən suyun birbaşa içilməsi tövsiyə olunmur. Bakıya Şollar və Oğuz-Qəbələ su kəmərləri vasitəsilə gətirilən sular təmizləyici qurğulardan keçirildikdən sonra şəhərə verilir. Belə sular nisbətən təmiz hesab olunsa da, onların tərkibinin tam olaraq hansı səviyyədə təmizləndiyi barədə dəqiq fikir bildirmək çətindir. Bu səbəbdən vətəndaşlara krant suyunu birbaşa deyil, qaynadaraq içmələri tövsiyə olunur.

Qeyd edək ki, bəzi bölgələrdə su evlərə təmizləyici qurğulardan keçərək verilir. Bu isə suyun keyfiyyətində və tərkibində fərqliliklərə səbəb ola bilər. Elə ərazilər var ki, orada suyun sərtlik dərəcəsi aşağıdır və ya pH göstəricisi normadan kənara çıxır. Bundan əlavə, su kənar təsirlərə məruz qalaraq keyfiyyətini dəyişə bilər”.

Ekoloqun sözlərinə görə, içməli su təmizləyici qurğulardan keçsə də, mənzilə çatana qədər müxtəlif xarici təsirlərə məruz qala bilər. Bu da suyun dadında, qoxusunda və ümumi keyfiyyətində dəyişikliklərə səbəb olur:

“Bütün hallarda Azərbaycan Su Agentliyi tərəfindən ən ucqar kəndlər də daxil olmaqla müxtəlif bölgələrdə modul tipli təmizləyici qurğular quraşdırılır və bu qurğularda təmizlənən sular əhaliyə təqdim olunur. Lakin suyun tərkibinə təsir edən xarici amillər səbəbindən keyfiyyətdə müəyyən dəyişikliklər baş verə bilər. Ən effektiv tədbir isə krant suyunun qaynadıldıqdan sonra istifadə edilməsidir”.

Gülbəniz Səfərova


Bənzər xəbərlər