Kremldən mesaj: "Türkiyə Kiyevi təhlükəli addımlardan çəkindirə bilər"
Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bəyan edib ki, Türkiyə Ukrayna hakimiyyətinə təsir göstərərək onu düşünülməmiş və riskli addımlardan çəkindirə biləcək imkanlara malikdir. Onun sözlərinə görə, Ankara Kiyev üzərində kifayət qədər təsir imkanlarına sahibdir və bu imkanlardan istifadə etməklə, xüsusilə enerji infrastrukturuna yönəlmiş hücumların qarşısını ala bilər.
Patrul.az xəbər verir ki, Peskov bu fikirləri martın 25-də keçirilən brifinqdə səsləndirib və vurğulayıb ki, Moskva qaz infrastrukturunun təhlükəsizliyi məsələsində Türkiyə ilə daimi əlaqə saxlayır.
O, qeyd edib ki, “Türkiyə axını” və “Mavi axın” qaz kəmərlərinə qarşı artan təhdidlər fonunda narahatlıqlar mütəmadi şəkildə Türkiyə tərəfinə çatdırılır. Kremlin sözçüsünün fikrincə, Türkiyə bu təsir imkanlarından istifadə edərək Kiyevi belə addımlardan çəkindirə bilər.
Bundan əvvəl, martın 20-də Dmitri Peskov bildirmişdi ki, Kiyev heç bir ilkin şərt olmadan digər ölkələrə qarşı enerji təzyiqi siyasətinə son qoymalıdır. O həmçinin xəbərdarlıq edib ki, Ukraynanın məsuliyyətsiz addımları enerji sahəsində sabitliyi poza bilər.
Aynur Nadirqızı






