"Limonun 5-6 ədədinin 1 manat olan dövrü hələki qayıtmayacaq" - Akif Nəsirli
Əvvəllər daha münasib qiymətə satılan limonun bahalaşması alıcılar arasında narazılıq yaradır. Bir zamanlar 5-6 ədədini 1 manata almaq mümkün idisə, indi cəmi 3 ədədinin 2 manata təklif olunması suallar doğurur.
Bəs limonun qiymətinin bu qədər artmasına səbəb nədir?
Mövzu ilə bağlı Patrul.az-a danışan Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli bildirib ki, limonun bu qədər bahalaşmasının bir neçə səbəbi var və məsələ tək Azərbaycana aid deyil:
“Əvvəla, limonun əsas hissəsi ölkəyə Türkiyədən və İrandan gətirilir. 2025-ci ildə Türkiyənin Aralıq dənizi bölgəsində şaxta və dolu limon bağlarına ciddi ziyan vurdu. Məhsuldarlıq kəskin aşağı düşdü. Təklif azalanda qiymət avtomatik qalxır. İranda da eyni vəziyyət oldu, üstəlik ixrac rüsumlarını qaldırdılar ki, daxili bazarı qorusunlar.
İkincisi, logistika xərcləri artıb. Dizelin qiyməti, sürücü maaşları, gömrükdə gözləmə xərcləri əvvəlki illə müqayisədə çox bahalaşıb. 1 TIR limonun Bakıya gəlməsi 2022-də 2000 dollara başa gəlirdisə, indi 3500 dollardan yuxarıdır. Bu xərc birbaşa kiloqramın üstünə gəlir”.

İqtisadçı bahalaşmanın digər səbəblərindən də söz açıb:
“Üçüncüsü, manatın alıcılıq qabiliyyəti zəifləyib. Biz limonu dollarla alırıq. Türkiyədə və dünya bazarında limonun özü də bahalaşıb. Bir ton limonun ixrac qiyməti ötən il 600-700 dollar idisə, indi 1100-1300 dollardır. Buna daşıma, gömrük, mağaza payını gələndə pərakəndə qiymət 2-3 dəfə qalxır.
Dördüncüsü, mövsüm faktoru var. Yay-payız aylarında yerli limon demək olar yoxdur. Qışda Lənkəran-Masallı zonasında yığılan limon bazara düşəndə qiymət bir az enir. Amma aprel-may aylarında köhnə ehtiyat qurtarır, təzə idxal da baha gəlir. Ona görə yaz, yay və erkən payızda limon həmişə ən baha olur.
Beşincisi, mağazalar riski qiymətə daxil edir. Limon tez xarab olan məhsuldur. Alıcı az olanda, ya qiyməti qaldırırlar ki, xarab olanın zərini çıxarsınlar, ya da ümumiyyətlə gətirmirlər. Tələbat da var, çünki çay, salat, balıq üçün əvəzi yoxdur. Tələb düşmür, təklif azdır, qiymət qalxır”.
“Əvvəl 5-6 ədədini 1 manata almağın səbəbi Türkiyədə məhsul bol olanda dempinq qiymətə satmaları idi. İndi o bolluq yoxdur. Hələ üstünə daşıma, valyuta, mövsüm gələndə 3 ədədi 2 manata çıxır. Payızda yerli limon çıxanda bir az ucuzlaşar, amma köhnə 5-6 ədədi 1 manata dövrü hələlik qayıtmayacaq”,– deyə o əlavə edib.
Ləman Sərraf






