Linza istifadəçilərinin ən çox etdiyi ölümcül SƏHVLƏR
Kontakt linzalar illərdir ki, həm görmə problemini həll etmək, həm də estetik görüntü əldə etmək istəyənlərin seçimidir. Eynəkdən yorulanlar, makiyajının görünüşünü pozmaq istəməyənlər və ya sadəcə fərqli göz rəngi ilə eksperiment aparmaq istəyənlər üçün ideal görünən bu vasitə, təəssüf ki, düşündüyümüz qədər zərərsiz deyil. Gözə yaxın bu məhsullar, əslində təhlükələrə də bir o qədər yaxındır.
Patrulaz.az-ın araşdırmasına görə, bu risklər, yalnız gigiyena qaydalarına əməl olunmadıqda deyil, ümumiyyətlə istifadə qaydaları və müddəti düzgün olmayanda da ciddi fəsadlara yol aça bilər.
Bir çox insan linzanı makiyajın, gündəlik imicin bir hissəsi kimi qəbul edir. Lakin kontakt linzalar sadəcə kosmetik vasitə deyil, onlar birbaşa gözün üzərinə yerləşdirilən və gözlə birbaşa təmasda olan materiallardır. Əgər linza taxılmamış əllə gözə toxunulursa, düzgün təmizlənmirsə və ya gecə ilə gündüz arasında fərq qoyulmadan taxılırsa, bu, göz üçün infeksiya mənbəyinə çevrilə bilər. Məhz bu səbəbdən kontakt linza istifadəçilərinin böyük əksəriyyəti azı bir dəfə göz infeksiyası, qızartı və ya narahatlıq yaşayıb. Bəzi hallarda bu fəsadlar o qədər irəliləyir ki, görmə itkisinə və hətta korluğa qədər aparıb çıxara bilər.
Linza istifadəsinin ən yayılmış problemlərindən biri də göz quruluğudur. Xüsusilə gün boyu ekran qarşısında işləyən, kondisionerli ofislərdə olan və çox su içməyən şəxslərdə linza, təbii göz yaşı səviyyəsini azaldaraq yanma, bulanıq görmə kimi simptomlara səbəb olur. Bu, adi narahatlıqdan daha ciddi bir vəziyyətə çevrilə bilər. Göz qişasının müdafiə sistemi zəiflədikcə infeksiya riski də artır.
Digər bir təhlükə isə oksigen çatışmazlığıdır. Gözümüz qan damarları vasitəsilə deyil, birbaşa havadan oksigen alır. Linzalar isə bu axını qismən bloklayır. Xüsusilə gecə yatarkən linzanı çıxarmamaq, gözün uzun müddət oksigensiz qalmasına səbəb olur. Bu, hipoksiya, kornea damarlaşması və görmə zəifliyi ilə nəticələnə bilər. Yəni rahatlıq xətrinə hər gün saatlarla taxılan linzalar, əslində gözümüzə təzyiq edən görünməz bir təhlükəyə çevrilir.
Daha bir diqqətçəkən məqam isə linzanın makiyajla birlikdə istifadəsidir. Göz layneri, tuş, kölgə və digər kosmetik vasitələrin linzanın arxasına keçməsi riski, orada mikrob və kimyəvi maddələrin toplanmasına gətirib çıxara bilər. Bu isə təkcə infeksiya deyil, həm də kornea səthində qalıcı zədələrə səbəb ola bilər. Üstəlik, linzanın su ilə yuyulması və ya hovuzda, dənizdə taxılması da böyük risk daşıyır. Belə hallarda nadir, lakin çox təhlükəli “Acanthamoeba” infeksiyasına yoluxmaq mümkündür. Bu mikrob gözün dərin qatlarına qədər nüfuz edərək ciddi zədələnmələr yarada bilər.
Bütün bu riskləri nəzərə alsaq, kontakt linza istifadəçilərinin diqqətli olması şərtdir. Hər gün istifadə olunan, amma bəzən öz rahatlığına görə məsuliyyətsiz yanaşılan bu məhsul, əgər düzgün seçilərsə və gigiyenik şəkildə istifadə olunarsa, təhlükə mənbəyi deyil, həyat keyfiyyətini artıran bir vasitə ola bilər. Əks halda isə bir ömür boyu təəssüf doğuracaq nəticələrə səbəb ola bilər.
Unutmayaq ki, göz əvəzolunmaz bir orqandır. Onun sağlamlığı isə linzanın markasından çox, istifadəçinin məsuliyyəti ilə ölçülür.
Ləman Sərraf






