media-inshot_20250728_181603303

Son illərdə sosial media platformaları, xüsusilə TikTok və Instagram zənginlik, lüks həyat tərzi, brend geyimlər, tropik adalarda çəkilmiş videolar və bahalı avtomobillərlə dolub-daşır. Bu görüntülər təkcə izləyiciləri əyləndirmir, həm də yeni bir həyat tərzi idealı yaradır: hər şeyin gözəl, bahalı və problemsiz olduğu bir dünya…

Əsas problem isə bu “parıltılı həyatın” böyük ölçüdə gerçək olmamasıdır. Çünki əksəriyyəti sponsorlu çəkilişlər, kirayəlik avtomobillər və ya sadəcə göstərişdir. Amma bu görüntülər izləyici gənclər üçün dəyər ölçüsünü dəyişir.

Patrulaz.az bu “lüks həyat”ın gənclərə mənfi təsiri barədə araşdırma edib.

Brend, status, qəbul olunma ehtiyacı

Psixoloqlar bildirirlər ki, yetkinlik yaşı və 20-li yaşlar insanın şəxsiyyətinin formalaşdığı, “mən kiməm?” sualına cavab axtardığı dövrdür. Bu mərhələdə gənclər, xüsusilə sosial qəbul görmək üçün xarici təsirlərə çox açıq olurlar.

Sosial şəbəkələrdə gördükləri “mükəmməl” həyatları təqlid etmək üçün:

-Gərəksiz yerə brend geyim almağa çalışır,

-Kreditə girib son model telefon götürür,

-Real həyatda çatmadığı imkanları virtual mühitdə simulyasiya edir.

Bunun nəticəsində gənc, öz real həyatından narazı qalır, özünü “geri qalmış” hiss edir və bu da özgüvən çatışmazlığına, sosial təzyiqə və emosional tükənməyə səbəb ola bilər.

“Lüks həyat” – motivasiya, yoxsa təzyiq?

Bir tərəfdən deyə bilərik ki, bəli, bu görüntülər bəzilərinə motivasiya verir: daha çox işləməyə, uğur qazanmağa, maddi rifahını artırmağa çalışır. Amma burada bir incə sərhəd var: real məqsədlərlə gerçək olmayan görüntülər arasında fərq.

Əgər motivasiya xarici təsirlərlə deyil, şəxsi inkişaf ehtiyacı ilə yaranırsa – bu sağlamdır. Amma sadəcə TikTok-da gördüyü “bir günə milyoner oldu” tipli videolarla özünə təzyiq göstərmək ilahm deyil, artıq təlqindir.

Alqoritmlər nəyi “mükəmməl” sayır?

Sosial medianın algoritmləri parıltını sevir. Əgər bir video bahalı avtomobillə, brend geyimlərlə, ya da Dubay səfəri ilə bağlıdırsa, həmin kontent daha çox izlənilir. Beləliklə, gənclərin “bəyənilən” olmaq üçün tək yolu bu tərzi təqlid etmək kimi görünür. Bu isə çox təhlükəli bir sosial dövrün başlanğıcıdır.

Həqiqətə qayıdış: Gözəl həyat ancaq görünüş deyil

Mütəxəssislər gənclərə tövsiyə edirlər ki, sosial mediada gördükləri həyat tərzini filtrlənmiş reallıq kimi qəbul etsinlər. Ən əsası da başa düşsünlər ki, xoşbəxtlik təkcə maddi zənginliklə gəlmir. Empati, real münasibətlər, mənalı məqsədlər və özünü inkişaf etdirmək kimi dəyərlər bahalı saatlardan və brend çantalardan daha qiymətlidir.

Görünən hər şey həqiqət deyil

TikTok və Instagram dünyasında “lüks həyat” bir kült halına gəlib. Amma bu görüntülər çox vaxt gerçəkliyi əks etdirmir. Gənclər bu platformalardan ilham ala, amma özlərini bu illüziya ilə müqayisə etməməlidirlər. Əgər bir gənc öz həyatını başqasının parıltılı şəklinə baxaraq dəyərləndirirsə, o zaman xoşbəxtliklə arasına görünməz bir divar çəkir.

Ləman Sərraf


Bənzər xəbərlər