media-inshot_20250811_100735148

İqtisadçılar və psixoloqlar deyir ki, iri supermarketlər sadəcə məhsul satmır, həm də beynimizlə oynayır. Məqsəd isə sadədir: səbətiniz dolsun, pulunuz boşalsın.

Bəs bunu necə edir? 

Patrulaz.az həmin marketinq hiylələrini təqdim edir:

Musiqi və qoxu effekti – Mağazada səslənən sakit, yavaş tempdə musiqi alıcıları rahatladır, onları tələsməyə qoymur. Xüsusi bişmiş çörək və ya qəhvə qoxusu isə iştahı artıraraq, “planlaşdırılmamış” alışları çoxaldır.

Məhsul düzülüşü – Əsas ehtiyac malları (çörək, süd, yumurta) adətən mağazanın ən uzaq küncündə yerləşdirilir. Oraya çatana qədər onlarla başqa məhsul görür və səbətə əlavə edirsiniz. Uşaq boyuna uyğun rəflərdə isə cəlbedici qəlyanaltılar olur ki, kiçik müştərilər də alış qərarına töhfə versin.

Endirim illüziyası – “2 al 1 ödə”, “Məhdud sayda” kimi etiketlər alıcıda fürsəti qaçırmamaq təəssüratı yaradır. Bəzən isə endirim əslində əvvəlcədən qaldırılmış qiymətin üzərindən edilir.

Səbətin ölçüsü – Böyük səbət daha çox məhsul almağa psixoloji təkan verir. Araşdırmalara görə, səbət həcmi iki dəfə artdıqda alışlar da təxminən iki dəfə çoxalır.

Elə bu səbəblərdən dolayı marketə girəndə nə alacağınızı əvvəlcədən bilin və siyahıdan kənara çıxmayın. Çünki marketlər sizin beyninizlə oynamağı çox yaxşı bacarır.

Ləman Sərraf


Bənzər xəbərlər