media-img_6295

Masallı rayonunun Türkoba kəndinin Veloba məhəlləsində uzun müddətdir davam edən qaz problemi nəhayət ki, müsbət həllini tapıb.

Xatırladaq ki, Patrulaz.az olaraq ötən gün kənd sakinlərinin üzləşdiyi çətinlik barədə məlumat yaymışdıq. Sakinlər qeyd edirdilər ki, bir nəfərin şəxsi təşəbbüsü ilə çəkilən və bütün ödənişləri rəsmiləşdirilmiş qaz xətti sonradan iri qabaritli yük maşını tərəfindən zədələnib və nəticədə ərazi qazsız qalıb.

Müraciətlərə baxmayaraq, problemin uzun müddət diqqətdən kənarda qalması narahatlıq doğurmuşdu. Lakin sevindirici haldır ki, bu gün səhər saatlarında Lənkəran Regional Qaz İstismar İdarəsinin Masallı xidmət sahəsinin qəza xidməti əməkdaşları əraziyə gələrək problemi aradan qaldırıblar. Artıq sakinlər yenidən təbii qazla təmin olunublar.

Sakinlər başda “Azəriqaz” İstehsalat Birliyi olmaqla, məsələyə həssas yanaşan və qısa zamanda texniki müdaxilə ilə problemi həll edən bütün əməkdaşlara təşəkkürlərini bildirirlər.

Patrulaz.az olaraq biz də məsələ ilə maraqlanıb reaksiya verən qurumlara təşəkkürümüzü bildirir, bu cür halların gələcəkdə operativ şəkildə həllini arzu edirik.


Bənzər xəbərlər