media-inshot_20260506_172845208

May ayında toy etməzlər deyirlər. Hətta bu inanca görə evliliyini təxirə salanlar var. Yəni sevgi bir Maya güc gələ bilmirmi? Bu inancın kökündə necə bir psixologiya dayanır?

Mövzu ilə bağlı Patrul.az psixoloq, Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri, Elnur Rüstəmova müraciət edib.

O bildirib ki, “May ayında toy etməzlər” inancının kökündə təkcə mistik düşüncələr yox, tarixi və sosial səbəblər də dayanır:

“Araşdırmalar və folklorşünasların fikirləri göstərir ki, qədim dövrlərdə insanların böyük hissəsi əkinçilik və maldarlıqla məşğul olduğu üçün yaz ayları, xüsusilə may ayı ən gərgin əmək dövrlərindən biri hesab olunurdu. May ayında insanlar əsasən əkin-biçin işləri, torpaq hazırlığı və təsərrüfat fəaliyyəti ilə məşğul olurdu. Toy isə həm vaxt, həm də maddi resurs tələb edən böyük bir mərasim idi. O dövrdə kənd həyatında toy etmək üçün həm insanların boş vaxtı olmalı idi, həm də süfrə bolluğu vacib sayılırdı. Halbuki may ayı keçən ilin ehtiyatlarının azaldığı, yeni məhsulun isə hələ tam yetişmədiyi bir dövr idi. Bu səbəbdən insanlar daha çox məhsul bolluğu olan payız aylarında toy etməyə üstünlük verirdilər. Yəni zaman keçdikcə iqtisadi və təsərrüfat səbəbləri sosial inanca çevrilib”.

media-img-20260423-wa0016

E.Rüstəmov əlavə edib ki, insanlar əvvəlcə praktik səbəblərlə may ayında toy etmirdilər, sonradan isə bu davranış “may ayı uğursuz aydır” kimi psixoloji və mədəni stereotip formasını alıb:

“Psixologiyada buna kollektiv inancların nəsildən-nəslə ötürülməsi deyilir. Bir davranış uzun müddət təkrarlananda insanlar onun səbəbini unutsa belə, ənənənin özü yaşayır. Bəzi araşdırmalarda qeyd olunur ki, kənd təsərrüfatı ilə bağlı həyat tərzi toy tarixlərinin seçilməsinə ciddi təsir edib. Məsələn, payız aylarında həm məhsul bol olurdu, həm insanlar əkin-biçin işlərini yekunlaşdırırdı, həm də toy daha rahat və daha zəngin keçirilirdi. Bütün bunlarla yanaşı, müasir dövrdə həyat şəraiti tamamilə dəyişib. İnsanlar artıq yalnız kənd təsərrüfatından asılı deyil, ərzaq və resurs çatışmazlığı əvvəlki kimi deyil. Buna görə də may ayında toy etməməyin nə elmi, nə psixoloji, nə də tibbi əsaslandırılmış səbəbi yoxdur”.

“Əsas məsələ münasibətin sağlamlığı, tərəflərin emosional uyğunluğu və ailədaxili münasibətlərin keyfiyyətidir. Sevgi bir aya məğlub olmur. Münasibətləri qoruyan əsas amil tarix yox, insanların bir-birinə münasibəti, hörməti və psixoloji yetkinliyidir”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Ləman Sərraf


Bənzər xəbərlər