media-inshot_20260415_135938530

Qısa müddətli dolu yağışlarının iqtisadi təsirləri və risklərin azaldılması yollarıSon dövrlərdə qısa müddətli, lakin intensiv dolu yağışları bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da iqtisadi fəaliyyətə ciddi təsir göstərən təbii hadisələrdən birinə çevrilib. Bu cür hava hadisələri əsasən kənd təsərrüfatında məhsul itkisinə, nəqliyyat və infrastrukturun zədələnməsinə, həmçinin sığorta xərclərinin artmasına səbəb olur. Eyni zamanda, kiçik və orta sahibkarlıq subyektləri də bu risklərdən dolayı maliyyə baxımından zərər görə bilirlər. Belə şəraitdə həm dövlət, həm də özəl sektorun hansı iqtisadi mexanizmlərdən istifadə etməsi vacib sual olaraq qalır.

Bəs, qısa müddətli intensiv dolu yağışlarının iqtisadi zərərlərini minimuma endirmək üçün hansı effektiv iqtisadi və idarəetmə mexanizmləri tətbiq oluna bilər?

Bu mövzu ilə bağlı Patrul.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, qısa, intensiv dolu və yağışlar kənd təsərrüfatından tutmuş tikintiyə qədər bir çox sahədə zərər və iqtisadi itkilərə səbəb olur:

“Qısa müddətli, lakin intensiv dolu və güclü yağışlar adətən ən çox kənd təsərrüfatı, nəqliyyat, tikinti və sığorta sektorlarında hiss olunur. Kənd təsərrüfatında məhsulun zədələnməsi və itkilər birbaşa gəlirləri azaldır, xüsusilə meyvəçilik və taxılçılıq kimi sahələrdə risk yüksək olur. Nəqliyyat və logistika sistemlərində yolların su basması, görünüşün zəifləməsi və infrastrukturun zədələnməsi daşınmaları ləngidir və əlavə xərclər yaradır. Tikinti sektorunda işlərin dayanması və materialların zərər görməsi layihə xərclərini artırır. Sığorta bazarında isə bu cür hadisələr ödənişlərin artmasına və risk qiymətləndirmələrinin dəyişməsinə səbəb olur”.

media-inshot_20260415_134615798

İqtisadçı qeyd edir ki, təbii hadisələrin iqtisadi zərərini azaltmaq üçün əsasən erkən xəbərdarlıq sistemləri, dayanıqlı infrastruktur və sığorta mexanizmləri tətbiq olunur:

“Bu cür təbii hadisələrin iqtisadi zərərini azaltmaq üçün bir neçə mexanizm tətbiq edilir. İlk növbədə erkən xəbərdarlıq və meteoroloji monitorinq sistemləri qurulur ki, risklər əvvəlcədən proqnozlaşdırılıb operativ tədbirlər görülsün. İkinci mühüm mexanizm infrastrukturun dayanıqlığının artırılmasıdır, məsələn, drenaj sistemlərinin gücləndirilməsi və selə davamlı yol və binaların tikilməsi. Kənd təsərrüfatında sığorta mexanizmləri, subsidiyalar və risk paylaşım fondları fermerlərin zərərini kompensasiya etməyə kömək edir. Maliyyə baxımından isə dövlət ehtiyat fondları və fövqəladə hallara ayrılan büdcə xətləri zərərdən sonra iqtisadi stabilliyi qorumaq üçün istifadə olunur. Bu yanaşmalar birlikdə həm zərərin miqyasını azaldır, həm də iqtisadi bərpanı sürətləndirir”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər