media-463fca34-7474-4880-bb32-1fef26297e78

Bir məktəbdə yaşanan eşq üçbucağı və qısqanclıq böhranı şiddət hadisəsi ilə nəticələnib. Evli məktəb direktoru, eyni qadınla münasibətdə olduğunu düşündüyü müavininə iş yerində hücum edib.

Patrulaz.az xarici mediaya istinadən xəbər verir ki, təhlükəsizlik kameralarına düşən görüntülərdə 54 yaşlı direktor Entoni Con Feltonun 51 yaşlı müavini Riçard Paykə iş masasının arxasında oturarkən boru açarı ilə dəfələrlə zərbə endirdiyi görünür.

Məktəbdə baş verən bu hadisədən sonra Felton “qəsdən ağır bədən xəsarəti yetirməyə cəhd” ittihamını qəbul etdi və iki ildən çox müddətə həbs cəzasına məhkum edildi. Felton hadisəyə qarışan qadın müəllimlə evlilikdən kənar bir uşaq sahibi olduğunu da öyrənmişdi.

Üç uşaq atası olan Felton (məktəbdə hamı ona Con deyə müraciət edirdi), müavini Payk ilə uzun illərdir dost idi. Lakin Port Talbot şəhərindəki St. Joseph Katolik Məktəbində “idarəolunmaz bir qısqanclıq böhranı” yaşandı.

Felton, bir zamanlar münasibətdə olduğu qadın müəllimlə müavini Paykın da yaxın münasibət qurduğuna inanırdı. Eyni zamanda, həmin qadının dünyaya gətirdiyi uşağın bioloji atası olduğunu öyrənməsi onun psixoloji vəziyyətini daha da ağırlaşdırmışdı.

5 mart tarixində Felton, 800 şagirdin təhsil aldığı məktəbdə Paykın ofisinə bir valideynlə bağlı e-poçtu müzakirə etmək bəhanəsi ilə getdi. Palto altına gizlətdiyi boru açarını, otaqdakı digər müəllim çıxandan sonra ortaya çıxardı.

Paykın arxası ona tərəf çevrilmişkən, gözlənilmədən açarla başına zərbə endirdi və onu yerə yıxdı. Hücum zamanı “Nə etdiyini yaxşı bilirsən!” deyə qışqırırdı. Məktəbdəki digər müəllimlər hadisəyə müdaxilə etmək üçün otağa qaçdılar.

Məhkəmədə nümayiş etdirilən təhlükəsizlik kamerası görüntüləri zalda olanları şoka saldı. Kadrlarda Feltonun Paykın başına arxadan zərbə endirməsi aydın görünürdü.

Polis açıqlamasında, Paykın xəstəxanadan yüngül xəsarətlərlə evə buraxıldığını bildirib.

Ləman Sərraf


Bənzər xəbərlər