“Məmdani kimilər erməni lobbisinin fitvası ilə ABŞ-Azərbaycan münasibətlərini korlamağa çalışırlar” - ŞƏRH
Son günlər Nyu York şəhərinin yeni seçilmiş meri Zöhran Məmdaninin 1915-ci il hadisələri və Azərbaycanın 2023-cü ildə öz ərazilərini işğaldan azad etməsi ilə bağlı səsləndirdiyi fikirlər ictimai müzakirələrə səbəb olub.
Bu bəyanata münasibət bildirən siyasi şərhçi, “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin sədri, Oxu.az saytının redaktoru Elşad Məmmədlinin sözlərinə görə, Nyu-York şəhərinin meri Zöhran Məmdaninin 1915-ci il hadisələri və Azərbaycanın 2023-cü ildə öz ərazilərini işğaldan azad etməsi ilə bağlı səsləndirdiyi fikirlər ilk növbədə onun böhtançı xarakterli bir şəxs olduğunu sübuta yetirir:
“İkincisi, bu, onun savadsız, dünya tarixindən məlumatlı olmadığını düşünməyə əsas verir. Bunlar təbii ki, ehtimallardır. Ən güclü versiya isə odur ki, Məmdani erməni lobbisinin çirkli pullarının təsiri altındadır.
Onun məhz indiki məqamda belə sərsəm iddialarla çıxış etməsini də təsadüfi saymıram. Bilirsiniz ki, ötən ilin avqustundan bəri ABŞ-Azərbaycan münasibətlərində tam yeni bir səhifə açılıb. İki dövlət arasında strateji əməkdaşlığa dair sənədlər imzalanıb. Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi həmin Vaşinqton görüşündə paraflandı. Zəngəzur dəhlizinin Ermənistandan keçən hissəsində TRIPP marşrutuna dair razılaşma oldu”.

Həmsöhbətimiz qeyd edib ki, Co Bayden hakimiyyəti dövründə Azərbaycana qarşı tutulan qərəzli münasibət Donald Tramp dövründə artıq müşahidə olunmur:
“Habelə, Türkiyə-ABŞ münasibətləri də artıq fərqli müstəvidədir.
Bütün bunlar isə Amerikadakı erməni lobbisini narahat edir.
Məmdani kimilər isə korporativ maraqları üçün erməni lobbisinin fitvası ilə ABŞ-Azərbaycan münasibətlərini korlamağa çalışırlar.
Ancaq belə fitnələri Azərbaycan da, Türkiyədə çox görüb və neytrallaşdırıb”.
“Düşünürəm ki, Məmdaninin də oyunbazlıq, araqarışdıranlıq arzusu gözündə qalacaq. Onun rəsmi səviyyədə cəzalandırılacağı da istisna deyil”, – deyə o sözlərini yekunlaşdırıb.
Ləman Sərraf






