"Mən də aldandım" – blogger "Barber Mirror" şəhid ailələrini aldadan Daşqın Əmlak barədə tanışlığı
“Güzəştli ev alveri” adı altında şəhid və qazi ailələrini, eləcə də digər vətəndaşları dələduzluq yolu ilə aldadan, bu prosesə isə reallıqdan xəbəri olmayan tiktokerləri də cəlb edən Daşqın Məmmədovla tanışlığı barədə sosial şəbəkələrdə “Barber mirror” kimi tanınan blogger Mirəhməd Seyidov açıqlama verib.
Patrulaz.az xəbər verir ki, TikTokda fəaliyyət göstərən “Daşqın əmlak ofisi” adlı səhifə və onun rəhbəri Daşqın Məmmədov vətəndaşlara güya münasib qiymətlərlə mənzil təqdim edəcəklərini vəd edərək, onlardan öncədən külli miqdarda, bəzi hallarda 60 min manata qədər pul alıb. Aldadılan şəxslərin bir qismi ödənişi rəsmi sənədlə, digərləri isə heç bir hüquqi əsas olmadan həyata keçirib.
Ən diqqətçəkən məqamlardan biri isə bu prosesdə “TikTok”da “Barber Mirror” səhifəsi ilə tanınan blogger Seyidov Mirəhməd Nasir oğlunun da yer almasıdır. O, sözügedən mənzillərlə bağlı çəkilən reklam videolarında iştirak edib. Hətta məsələ ilə bağlı şəhid və qazi ailələri ilə çəkildiyi görüntülərini də səhifəsində paylaşıb.
Seyidov sözügedən şəxslərin onu da aldatdığını, şəhid ailəsinə təmannasız ev verməklə onu da inandırdıqlarını qeyd edib: “Mən o şirkətin qazi, şəhid ailələrinə ev verdiyi çəkilişlərdə iştirak etmişəm. Əslində mən də zərərçəkənəm, – deyə bloger “Barber mirror” bildirib.
Patrulaz.az-a açıqlamasında Seyidov Mirəhməd Nasir oğlu dələduzluq yolu ilə pul qazanması iddia edilən Daşqın Əmlakla necə tanış olduğu barədə məlumat verib. Onun sözlərinə görə, Daşqınla tanışlığı 6 ay əvvəl xərçəng xəstəsi olan bir şəxsə faizsiz ev verilməsi məsələsi ilə başlayıb. Həmin vaxt Mirəhməd bu hadisəni işıqlandırmaq üçün dəvət olunub.
Patrulaz.az-a öz fikirlərini bölüşən blogger “Barber Mirror” şəhid ailəsi ilə çəkilən kadrlar və göstərilən köməklik barədə də danışıb. Onun sözlərinə görə, şəhid anası pulu verdiyi gündən etibarən həmin evdə yaşayıb və ev onun adına rəsmiləşdirilib. Məhz bunu görən blogger şirkətin etibarlılığına inanaraq onların çəkilişlərində iştirak edib. Lakin 6-7 ay əvvəl “Barber mirror”unda iştirakı ilə “Daşqın Əmlak ofisi”nin rəhbərliyi ilə çəkilən bəzi videolardan sonra ona və digər blogger Tərlana sözügedən şirkətin dələduzluq fəaliyyəti ilə məşğul olduğu barədə zənglər və xəbərdarlıqlar edilib. Vəziyyətdən şübhələnən hər iki blogger onlardan uzaqlaşıb. Onlar hətta Daşqınla birlikdə iştirak etdikləri videoların silinməsini də tələb ediblər. Mirəhməd bildirib ki, bu məsələ ilə bağlı cəmiyyət onu və Tərlanı qınayır, şərəf və ləyaqətlərini alçaldır. Lakin o, Daşqınla şəxsi münasibətlərinin olmadığını, sadəcə təqdimat prosesində iştirak etdiklərini vurğulayır. Hər iki blogger vətəndaşların onları haqsız yerə qınamalarından narahat olduqlarını dilə gətirirlər.
Qeyd edək ki, uzun illərdir kirayədə yaşayan və bu cür güzəştli ev təkliflərinə inanaraq ümid bağlayan, sadə vətəndaşların etibarını puç edən Daşqın Məmmədov artıq polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Xətai Rayon Polis İdarəsində dələduzluq maddəsi ilə başlanan cinayət işi üzrə istintaq hərəkətləri aparılır.
Onu da vurğulayaq ki, o saxlanılmazdan əvvəl verdiyi açıqlamada vətəndaşların şikayətlərinə baxılacağını və ödənilən pulların geri qaytarılacağını bildirmişdi.
Gülbəniz Səfərova






