media-inshot_20260226_150417738

Son günlər sosial şəbəkələrdə, xüsusilə “instagram” kimi populyar platformalarda istifadəçilərin qapalı profillərindəki şəkilləri və məxfi məlumatları skrinşot vasitəsilə əldə etməsi halları artıb. Bu, bəzən şəxsi məlumatların icazəsiz yayılması və hətta şantaj kimi hüquqi problemlərə səbəb olur. İstifadəçilərin özəl şəkillərini qorumaq məqsədilə bəzi tətbiqlər DRM (Digital Rights Management) tipli məzmun qoruma texnologiyalarını sınaqdan keçirir, ancaq bu yanaşmanın effektivliyi hələ tam təmin olunmayıb. Eyni zamanda, digər platformalarda, məsələn “WhatsApp” kimi mesajlaşma xidmətlərində artıq ekran görüntüsü ilə məzmunun saxlanmasının məhdudlaşdırılması funksiyaları mövcuddur. Bu cür texnoloji yanaşmaların sosial media tətbiqlərinə inteqrasiyası mümkün olsa da, istifadəçi təcrübəsi və platformanın açıq-şəffaflığı məsələləri də nəzərə alınmalıdır.

Bəs, qapalı profillərdə skrinsot və məlumat sızıntısını DRM tipli məhdudiyyətlərlə önləmək nə dərəcədə effektivdir və bu sahədə hansı alternativ texnologiyalar tətbiq oluna bilər?

Kibertəhlükəsizlik üzrə ekspert Elvin Abbasov Patrul.az-a açıqlamasında bildirib ki, qapalı profillərdə skrinşotları bloklayan proqramlar məlumat oğurluğunu azaltsa da, təhlükəsizliyi tam təmin etmir:

“Qapalı profillərdə skrinşot (ekran şəkli) çəkilməsini qadağan edən proqramlar (DRM) bir növ “rəqəmsal pərdə” rolunu oynayır. Siz şəkli çəkmək istəyəndə telefonun sistemi buna imkan vermir və nəticədə qapqara bir görüntü yaranır. Bu, internet üzərindən məlumatın oğurlanmasının qarşısını almaq üçün yaxşı bir yoldur, amma tam çarə deyil. Çünki kimsə başqa bir telefonla sizin ekranınızın şəklini kənardan çəkə bilər. Yəni, proqram daxildən qapını bağlasa da, kimsə pəncərədən içərini çəkə bilər”.

media-inshot_20260226_145253224

Mütəxəssis vurğulayır ki, gələcək sistemlərdə ekranın yalnız baxılan hissəsi aydın olacaq, qalanı dumanlı qalacaq və skrinşot da faydasız olacaq:

“Məsələn, ekranda sizin adınız və ya kodunuz çox solğun, demək olar ki, görünməz şəkildə yazılır. Əgər kimsə həmin məlumatı kənardan başqa telefonla çəksə belə, şəklin üzərində o görünməz nişanlar qalır. Məlumat sızanda həmin şəkli analiz edib dərhal tapırlar ki, bu məlumatı hansı istifadəçi sızdırıb. Gələcəkdə isə elə sistemlər olacaq ki, ekranın yalnız baxdığınız hissəsi aydın görünəcək, qalan yerlər dumanlı olacaq. Bu halda kimsə ekranın şəklini çəksə belə, əlində heç bir faydalı məlumat olmayacaq”.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər