"Meta" rəhbərliyi süni intellektə milyardlarla dollar sərmayə yatırır
Dünyanın ən böyük texnologiya şirkətlərindən biri olan Meta süni intellektə yönəlik planlarını genişləndirir.
Patrulaz.az “Le Monde”yə istinadla xəbər verir ki, şirkət son 12 ayda 179 milyard dollar gəlir, 71,5 milyard dollar isə mənfəət əldə etdiyini açıqlayıb.
30 iyul tarixində açıqlanan rüblük maliyyə hesabatına əsasən, şirkətin gəliri əvvəlki illə müqayisədə 22%, mənfəəti isə 36% artıb.
Hesabat yayımlandıqdan sonra Meta-nın səhmləri Wall Street birjasında 11%-dən çox artaraq 780 dollara (682 avro) yüksəlib. Bu göstəricilər Meta-nın süni intellekt sahəsində yeni mərhələyə keçməyə hazır olduğunu göstərir.
Şirkətin qurucusu Mark Zukerberq inanır ki, süni intellekt gələcəkdə həm məhsuldarlığı artıracaq, həm də şirkətin sosial media platformalarında istifadəçi təcrübəsini daha da gücləndirəcək.
Qeyd edək ki, Meta 2025-ci ildə süni intellekt də daxil olmaqla, texnoloji inkişaflara 70 milyard dollar sərmayə qoymağı planlaşdırır. Bu rəqəm, ötən illə müqayisədə 30 milyard dollar çoxdur və texnoloji yarışda şirkətə mühüm üstünlük qazandıracağı gözlənilir.






