Metropoliten rəhbərliyi dünənki hadisədə zərərçəkənləri ziyarət etdi - FOTO
Bakı Metropolitenin rəisi Vüsal Aslanov ötən gün metroda baş vermiş texniki insident nəticəsində xəsarət alan sərnişinləri evlərində ziyarət edərək səhhətləri ilə maraqlanıb.
Patrul.az xəbər verir ki, bu barədə məlumatı “Bakı Metropoliteni” QSC yayıb.
Həmçinin bildirilib ki, texniki insident zamanı yaranmış sıxlıq səbəbindən 9 nəfərə arterial təzyiq və stresslə bağlı şikayətlər üzrə yerində tibbi yardım göstərilib, 2 nəfər isə yüngül xəsarətlə xəstəxanaya hospitalizasiya olunub.
“Hadisə üzrə texniki və təşkilati araşdırmalar davam edir. Qatarların hərəkəti müvəqqəti olaraq şənbə qrafikinə uyğun tənzimlənir. Hazırda hərəkətdə olan qatar sayının artırılması istiqamətində müvafiq işlər aparılır”, – məlumatda deyilir.
Xatırladaq ki, dünən saat 12:10 radələrində “Ulduz” və “Nərimanov” stansiyaları arasındakı aralıq kabinədə yaranmış qısaqapanma və bunun nəticəsində təmas relsinə yüksək gərginliyin verilməsində baş verən nasazlıq hadisəyə səbəb olub.
Hadisə zamanı qatarların hərəkəti dayandığından sərnişinlər tunellərdən təxliyə edilib, metro stansiyalarına giriş müvəqqəti məhdudlaşdırılıb. İnsident nəticəsində 2 nəfər (biri hamilə qadın olmaqla) hospitalizasiya olunub, 9 nəfərə isə kəskin stress və təzyiq şikayətləri ilə bağlı yerində tibbi yardım göstərilib. Metronun fəaliyyəti həmin gün saat 15:00-da tam bərpa edilib.







