Moped və motosikletlərə maraq niyə artır?
Son günlər Dövlət Yol Polisi əməkdaşlarının sənədsiz, qeydiyyatsız və texniki baxışa yararsız motosiklet və moped sürücülərinə qarşı keçirdiyi reydlər ictimaiyyət tərəfindən müsbət qarşılanır. Xüsusilə azyaşlılar və gənclər arasında geniş yayılan bu nəqliyyat vasitələrinin qaydalara zidd şəkildə idarə olunması həm insanların rahatlığına mane olur, həm də yol hərəkəti təhlükəsizliyi üçün ciddi risk yaradır.
Patrul.az-a daxil olan çoxsaylı müraciətlərdə vətəndaşlar gecə saatlarında yüksək səslə hərəkət edən, konstruksiya dəyişikliyinə məruz qalmış motosikletlərin yaşayış məntəqələrində narahatlıq yaratdığını bildirirlər. Bəzi hallarda isə sürücülərin yol hərəkəti qaydalarına məhəl qoymaması qəza riskini daha da artırır.
Bəs son illər azyaşlılar və gənclər arasında motosiklet və mopedlərə marağın artmasının səbəbi nədir?
Patrul.az media şirkətinin rəhbəri və sosial media üzrə ekspert Səməndər Niftəliyev hesab edir ki, bu marağın formalaşmasında rəqəmsal oyunların da müəyyən təsiri var.
Onun sözlərinə görə, xüsusilə PUBG və GTA kimi məşhur mobil və kompüter oyunlarında motosiklet sürmə səhnələrinin geniş yer alması bəzi yeniyetmələrin həmin obrazları real həyatda təqlid etməsinə səbəb olur.
“Artıq şəhər küçələrində oyun personajlarını xatırladan geyim tərzindən istifadə edən, müxtəlif rəngli maskalar taxan, texniki vəziyyəti qənaətbəxş olmayan motosikletlərlə hərəkət edən gənclərin sayında artım müşahidə olunur. Bəzi hallarda onlar oyundakı davranışları real həyatda da təkrarlamağa çalışırlar ki, bu da həm özlərinin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyini risk altına qoyur”, – deyə o bildirib.
Ekspert qeyd edir ki, problemin həlli yalnız hüquq-mühafizə orqanlarının və ya medianın üzərinə düşmür. Bu istiqamətdə valideynlərin də üzərinə böyük məsuliyyət düşür. Azyaşlıların hansı nəqliyyat vasitələrindən istifadə etməsi, onların yol hərəkəti qaydalarına əməl edib-etməməsi və təhlükəsizlik mədəniyyətinin formalaşdırılması ilk növbədə ailədən başlayır.
Mütəxəssislər hesab edirlər ki, maarifləndirmə tədbirlərinin artırılması, valideyn nəzarətinin gücləndirilməsi və qanunvericiliyin tələblərinə ciddi əməl olunması gələcəkdə bu sahədə yaranan problemlərin azalmasına müsbət təsir göstərə bilər.






