Mütləq izləməli olduğunuz 5 sarsıdıcı detektiv film
Detektiv janrının gücü təkcə qatilin kim olduğunu öyrənməkdə deyil, bizi suallar içində buraxmasında, məntiqimizi sınağa çəkməsində və beyinləri yoran final səhnələrində gizlidir. Aşağıda sadalanan beş film elə bu tərzdə, zəkayla qurulmuş və izlərkən nəfəsini tutduran nümunələrdəndir. Hər biri özünəməxsus atmosferi ilə izləyicini birbaşa süjetin içərisinə çəkir.
Patrulaz.az bu 5 filmi sizə təqdim edir:
Rear Window

Alfred Hitchcockun “Rear Window” filmi klassik detektiv janrının təməl daşlarındandır. Filmdə ayağı sınmış bir fotoqraf evində oturaraq pəncərədən qonşularını izləyir və bu sadə müşahidə zamanla onu potensial bir cinayətin şahidi olmağa aparır. Tamaşaçı hər an sual altında qalır: “Doğrudanmı qətl olub, yoxsa sadəcə təxəyyülün məhsuludur?” Hitchcock bu əsəri ilə həm vizual, həm də psixoloji gərginliyi ustalıqla təqdim edir.
Se7en

David Fincherin rejissorluğu ilə ərsəyə gələn “Se7en” isə qaranlıq atmosferi və dərin əxlaqi suallarla dolu süjeti ilə yadda qalır. İki detektiv yeddi ölümcül günaha əsaslanan qətlləri araşdırır və qatilin hərəkətləri onları həm peşəkar, həm də şəxsi baxımdan çətin qərarlarla üz-üzə qoyur. Filmin sonunda isə baş verənlər təkcə personajları deyil, tamaşaçını da sarsıdır. “What’s in the box?” sualı hələ uzun illər dillərdən düşmür.
The Usual Suspects

“The Usual Suspects” filmində isə hər şey bir şahidin verdiyi ifadə ilə başlayır. Cinayət hadisəsindən sonra sağ qalan tək adam – Verbal Kint – detektivlərə inanılmaz bir hekayə danışır. Tamaşaçı bu boyda süjeti diqqətlə izləyərkən, hər detalın yerində olduğuna inanmağa başlayır, amma filmin sonunda şübhənin gücü və reallığın bulanıqlığı ilə üz-üzə qalır. Final səhnəsi detektiv kinosunun ən şok edici anlarından biridir.
The Invisible Guest

İspaniyanın detektiv janrında parlayan ulduzu “The Invisible Guest” (Contratiempo) isə daha çox məntiq oyununabənzəyir. Film bir otaqda keçən, vəkil və müttəhim arasında danışılan hadisələrlə başlayır. Hər yeni detalla tamaşaçı düşünür ki, artıq həqiqət bəllidir — amma film bir neçə dəfə bütün bildiklərini alt-üst edir. Bu film zəkası ilə oynayan, süjet içində süjet qurmağı bacaran əsl şah əsərdir.
The Number 23

Son olaraq isə “The Number 23” filmi fərqli bir yol seçir. Burada diqqət cinayət hadisəsinə yox, paranoya və obsesiv düşüncə üzərində cəmlənir. Bir adam oxuduğu kitabda öz həyatını tapır və başa düşür ki, həyatındakı hər şey 23 rəqəmi ilə əlaqəlidir. Jim Carrey-nin ciddi və qaranlıq obrazda çıxışı isə filmin gərgin atmosferini daha da artırır. Bu film detektivlə psixoloji trillerin sərhədində gəzir və izləyicidə “gördüklərim reallıqdırmı?” sualını qoyur.
Bu beş film yalnız əyləncə məqsədi daşımır. Onlar səni düşünməyə, şübhə aparmağa və hadisələrin arxasında gizlənən gerçəkləri çözməyə vadar edir. Əgər sadə süjetli, proqnozlaşdırıla bilən filmlərdən yorulmusansa və ekran qarşısında oturanda beyninin də işləməsini istəyirsənsə, bu filmlər tam sənlikdir.
Ləman Sərraf






