media-inshot_20250915_122021098

NATO ilə Rusiya arasındakı qarşıdurma ehtimalı uzun müddətdir beynəlxalq gündəmin əsas mövzularından biridir. Rusiya-Ukrayna müharibəsində Moskva hökumətinin Kiyevə təzyiqləri, o cümlədən, Avropa ölkələrinin Rusiyaya sanksiyaları NATO-nun Kreml ilə əlaqələrini sarsıtmağa başladı.

Rusiyaya məxsus pilotsuz təyyarələrin Polşa hava məkanını pozması isə NATO ölkələri ilə Rusiya arasındakı münasibətləri daha da gərginləşdirib.

Bəs, bu balanslı gərginlik siyasəti nə qədər davam edəcək və hansı hadisə NATO ilə Rusiya arasında açıq müharibəyə səbəb ola bilər?

Politoloq Tural İsmayılov bu barədə Patrulaz.az-a açıqlamasında bildirib ki, NATO və Rusiya müharibənin başlanacağı təqdirdə böyük fəlakətlərin baş verəcəyini bilirlər.

Politoloqun fikrincə, tərəflər hələlik açıq toqquşmadan çəkinərək, mövcud gərginliyi söz və siyasi proseslər vasitəsilə aparırlar:

media-thumb

“NATO ilə Rusiya arasında müharibə ehtimalı daim beynəlxalq gündəmdədir, lakin bu ssenari hələ ki tam real görünmür. Rusiya öz təhlükəsizlik doktrinasında NATO-nu əsas rəqib kimi göstərir və Şərqə doğru genişlənməni açıq təhdid sayır. Digər tərəfdən NATO da Rusiya ilə sərhədlərdə hərbi mövcudluğunu gücləndirir və bu, qarşıdurma risklərini artırır.

T. İsmayılov bildirir ki, Rusiya da öz növbəsində NATO ilə birbaşa müharibədən yayınmağa çalışır, çünki bu, onun resurslarını tam tükəndirə bilər:

“Ukrayna müharibəsi faktiki olaraq NATO-Rusiya münasibətlərini tarixi minimuma endirib. Lakin açıq müharibə NATO üçün də, Rusiya üçün də iqtisadi, siyasi və hərbi fəlakət deməkdir. Çünki bu qarşıdurma nüvə eskalasiyası ilə nəticələnə bilər. Qərb dövlətləri anlayır ki, birbaşa Rusiya ilə toqquşma qlobal miqyasda sabitliyi məhv edəcək. Buna görə də NATO indiyə qədər daha çox dolayı dəstək, sanksiyalar və hərbi yardımla kifayətlənib. Rusiya da öz növbəsində NATO ilə birbaşa müharibədən yayınmağa çalışır, çünki bu, onun resurslarını tam tükəndirər. Lakin qırmızı xətlərin pozulması ehtimalı hər zaman qalır. Xüsusən də Baltikyanı ölkələrdə və ya Polşa üzərindən hansısa insident böyük partlayışa səbəb ola bilər. Moskva da, Brüssel də anlayır ki, hər bir səhv addım dünya müharibəsinə yol aça bilər. Ona görə tərəflər ritorikanı sərtləşdirsə də, praktik siyasətdə hələ də ehtiyatlı davranırlar. Hazırda müharibə ehtimalı yüksək deyil, amma risk heç vaxt sıfıra enmir. Bu səbəbdən həm Rusiya, həm də NATO balanslı gərginlik siyasəti aparmağa məcburdur. Yəni, açıq toqquşmadan çox, psixoloji və siyasi müharibə reallığı üstünlük təşkil edir”.

Beləliklə, NATO ilə Rusiya arasında açıq müharibə ehtimalı hələ ki real görünməsə də, risk faktoru daim mövcuddur. Tərəflərin ehtiyatlı siyasəti qlobal toqquşmanın qarşısını alır, amma hər an baş verə biləcək insident bütün balansı poza bilər.

Cəmilə Cəfərzadə


Bənzər xəbərlər