media-inshot_20260114_190730935

Soğan və sarımsaq əsrlərdir xalq təbabətində “təbii qoruyucu” kimi tanınır və bu təsadüfi deyil. 

Patrul.az bu iki tərəvəzin faydaları haqqında araşdırma edib.

Müasir elm də təsdiqləyir ki, bu iki məhsul tərkibindəki bioloji aktiv maddələr sayəsində orqanizmin müdafiə mexanizmlərini gücləndirə bilir. Xüsusilə sarımsağın tərkibində olan allisin güclü antibakterial və antivirus təsirə malikdir. Bu maddə bakteriya və virusların çoxalmasını zəiflədir, immun sisteminin infeksiyalara daha tez reaksiya verməsinə kömək edir. Soğanda isə flavonoidlər və kversetin kimi antioksidantlar var ki, bunlar orqanizmdə iltihabı azaldır, hüceyrələri zədələnmədən qoruyur və ümumi müqaviməti artırır.

Müntəzəm şəkildə çiy və ya az bişmiş halda istifadə edildikdə soğan və sarımsaq soyuqdəymə, qrip kimi mövsümi xəstəliklərin riskini azalda bilər, qan dövranını yaxşılaşdırar, xolesterinin səviyyəsini tənzimləməyə kömək edər. Xüsusilə qış aylarında onların menyuda yer alması təsadüfən formalaşmış adət deyil – nənə-babalarımız boşuna deməyiblər ki, “sarımsaq olan evdə həkim az gələr”.

Amma burada bir vacib məqam var: soğan və sarımsaq möcüzə dərman deyil. Onlar xəstəliklərin qarşısını yüz faiz almaz və mövcud xəstəliyi təkbaşına sağaltmaz. Sadəcə immun sistemini dəstəkləyən, orqanizmin xəstəliklə mübarizə qabiliyyətini artıran köməkçi vasitədir. Həmçinin mədə-bağırsaq problemi olan, təzyiq və ya bəzi xroniki xəstəliklərdən əziyyət çəkən şəxslər onları normadan artıq qəbul etdikdə əks təsirlərlə üzləşə bilərlər.

Yekunda demək olar ki, soğan və sarımsaq bizi xəstəliklərdən “tam qoruyan qalxan” olmasa da, düzgün və ölçülü istifadə edildikdə immunitetin güclənməsində ciddi rol oynayır.

Ləman Sərraf


Bənzər xəbərlər